İçərişəhərdə “Novruz – bahar festivalı” keçiriləcək

İçərişəhərdə “Novruz – bahar festivalı” keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi hər il olduğu kimi, bu il də İçərişəhərdə Novruz bayramı şənliklərinin keçirilməsini nəzərdə tutub. İdarədən SİA-ya verilən xəbərə görə, martın 20-si və 21-də İçərişəhərdə "Novruz – bahar festivalı" keçiriləcək.

Festival günlərində Qoşa qala qapısı meydanında "Meydan bazarı" təşkil olunacaq. "Meydan bazarı"nda ölkəmizdə mövcud olan çoxsaylı sənət sahələrinə aid milli-tətbiqi sənət məhsulları və suvenirlərin, o cümlədən, rəsm əsərləri, milli zərgərlik və taxtaoyma sənəti nümunələrinin sərgi-satışı təşkil olunacaq.

Səhər saatlarından pəhləvanlar, kəndirbaz və sehrbazlar öz məharətini göstərəcək, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanların bayram əhval-ruhiyyəsini daha da artıracaq. Rəngarəng konsert proqramında mahir sənətçilərin ifasında muğam və klassik musiqi əsərləri, müasir estrada və caz musiqisi səsləndiriləcək, Dövlət Nəfəs Alətləri Orkestri, estrada və vokal orkestrləri, xalq rəqsləri qrupları iştirak edəcək. "Novruz – bahar festivalı" çərçivəsində bu il də İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində ustad dərsləri təşkil olunacaq.

Qeyd edək ki, bayram tədbirləri çərçivəsində İçərişəhərlə yanaşı, martın 20-də "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da Novruz şənliyi keçiriləcək. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunacaq tədbirdə qonaqlar rəngarəng konsert proqramı, milli sənət ustalarının iştirakı ilə Novruzun ənənəvi rəmzləri olan şirniyyatların hazırlanması, xınayaxdı mərasimi, xalça toxumaq kimi tədbirlərdə iştirak edə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə