Nazim Səmədov Federiko Sommaruqanı qəbul edib FOTOLAR

Nazim Səmədov Federiko Sommaruqanı qəbul edib FOTOLAR

Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 7-ci iclasında iştirak məqsədilə Azərbaycan Respublikasına səfər edən həmin ölkənin Turizmin İnkişaf Etməkdə Olan Bazarlar və Xüsusi Layihələr üzrə direktoru Federiko Sommaruqa Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov tərəfindən qəbul edilib. SİA-nın Nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan və İsveçrə arasında turizm sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər müzakirə edilib. Nazir müavini Nazim Səmədov Azərbaycan ilə İsveçrə arasında mədəniyyət sahəsində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu qeyd edib.

Nazim Səmədov 7-9 aprel 2016-cı il tarixində Bakıda keçiriləcək AİTF Beynəlxalq Turizm və Səyahətlər Sərgisi barədə danışıb və hər il ölkəmizdə keçirilən bu sərginin 15-ci olduğunu vurğulayıb. O, həmçinin, İsveçrənin turizm şirkətlərini bu sərgidə iştirak etməyə dəvət edib.

Ölkəmizin daha bir beynəlxalq turizm tədbirinə ev sahibliyi etdiyini qeyd edən nazir müavini, Bakıda Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin (WTFL Think Tank) növbəti toplantısının keçirildiyini bildirərək, 2015-ci ildə isə Azərbaycanın İsveçrədə keçirilmiş Forumda "Qonaq ölkə" (Guest country) qismində iştirak etdiyini dəvətlilərin nəzərinə çatdırıb.

Nazim Səmədov həmçinin, 25-27 aprel 2016-cı il tarixində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu barəsində məlumat verib və İsveçrənin bu tədbirdə yüksək səviyyədə təmsil ediləcəyinə əminliyini ifadə edib.

Görüş zamanı İsveçrənin turizm imkanlarına aid təqdimat nümayiş olunub, bu ölkənin turizm infrastrukturu, marşrutlar və əməkdaşlığa dair layihələr müzakirə edilib.

Qeyd edək ki, görüşün sonunda Federiko Sommaruqa səmimi qəbula görə, nazir müavininə təşəkkürünü bildirib, həmçinin, İsveçrə–Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın bundan sonra da inkişafına inamını ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə