Almaniyanın Berlin şəhərində keçirilən "İTB Berlin 2016" beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Marketinq sektorunun müdiri Emil Səfərov və Turizm sənayesi ilə iş sektorunun baş məsləhətçisi Cəmil Kəlbəliyev təmsil olunur. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, sərgidə, həmçinin, 14 yerli turizm şirkəti iştirak edir. Bununla yanaşı, sərgidə cari ilin 17 – 19 iyun tarixlərində Bakı şəhərində keçiriləcək "Formula 1 Avropa Qran Prisi"-nin təşkilat komitəsi də təmsil olunur.
Bu sərgidə Azərbaycanın turizm potensialını özündə əks etdirən 94 kv.m-lik stend hazırlanıb və sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və alman dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunub.
Sərgi müddətində Azərbaycanın milli stendində Nazirliyin Almaniya Federativ Respublikasında turizm təmsilçiliyini həyata keçirən "AVIAREPS Tourism" şirkətinin təşkilatçılığı ilə Almaniyanın aparıcı tur operatorları ilə işgüzar görüşlər keçirilib. Almaniya tərəfindən görüşlərdə "Dertour", "OST&FERN Reisedienst GmbH", "Biblische Reisen", Orientaltours", "Thomas Cook Belgium", Bis Aktivreisen", "Trail Natur-und Erlebnisreisen", AT Reisen GmbH və digər şirkətlər iştirak edib.
Qeyd etmək lazımdır ki, ötən il ərzində Almaniyadan ölkəmizə 15 000 nəfərdən çox turist səfər edib. Bu isə 2014-cü il ilə müqayisədə 1300 nəfərdən çox artım deməkdir.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 2004-cü ildən etibarən, "İTB Berlin" beynəlxalq turizm sərgisində iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB