"Bakı Simaları" adlı foto-müsabiqə elan olunub

"Bakı Simaları" adlı foto-müsabiqə elan olunub

Məlumat verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli, 1334 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2016-cı ilin 25 – 27 aprel tarixində Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, sözügedən forumun keçirilməsi ilə əlaqədar, Mədəniyyət və Turizm Nazirliyi Bakının mədəni müxtəliflik və tolerantlıq məkanı olmasını əks etdirən foto sərgi təşkil etməyi planlaşdırıb. Sərgidə Bakıda yaşayan və şəhərin qonaqları olan müxtəlif millətlərin nümayəndələrinin fotoportretlərinin və onlar haqqında qısa məlumatın təqdim olunması nəzərdə tutulub. Məlumatda fotoportret qəhrəmanlarının Bakıya gəlmə tarixçələri, hazırda nə işlə məşğul olduqları və bu şəhər haqqında təəssüratları əks olunmalıdır.

Tədbirlə əlaqədar açıq müsabiqə elan olunur və ustad peşəkarlar ilə yanaşı, gənc və həvəskar fotoqraflar da iştirak etməyə dəvət olunur.

Qaydalar:

Hər bir müəllifdən ən çox 5 foto təqdim oluna bilər. Çəkilişlər müsabiqənin elan olunduğu dövrdən etibarən edilməlidir, lakin son bir ildə çəkilmiş və mövzuya uyğun olan fotolar da qəbul edilə bilər. Müsabiqəyə göndərilən fotolar .jpeg formatında, uzun tərəfi 1500 px olmalıdır. Sərgi üçün seçildiyi halda .tiff və ya .raw formatlarından birində təqdim olunmalıdır. Təqdim olunan fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirilməməlidir. Fotolar üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamalıdır, yalnız real rəng, kontrast və s. kimi alətlərdən istifadə olunmalıdır. Təqdim olunmuş fotolar 1-ci mərhələ üçün kodlaşdırılıb münsiflərə təqdim olunacaq.

İştirakçılardan fotolar ilə yanaşı, əlaqə vasitələri (telefon, e-mail) və özləri haqqında qısa məlumatı [email protected] ünvanına göndərilməsi xahiş olunur. Müsabiqənin birinci mərhələsi sərgi üçün fotoların 5 nəfərdən ibarət münsiflər heyəti (Azərbaycan Fotoqraflar İttifaqının sədri Mirnaib Həsənoğlu, "Art Faktor" fotoagentiliyinin müdiri Asiyat Fətullayeva, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, fotoqraf Sitarə İbrahimova, mədəni siyasət üzrə ekspert və sənətşünas Cahangir Səlimxanov) tərəfindən seçilməsindən ibarətdir. Əsərlər böyük formatda (təxminən 1.80m x 1.40m ölçülərində) çap olunaraq, Bakının möhtəşəm ictimai məkanlarından birində 3000 əcnəbi qonaq qarşısında nümayiş olunacaq. Sərgidə iştirak edən hər bir fotoşəkil üçün onun müəllifinə 100 AZN həcmində məbləğ ödəniləcək və xüsusi sertifikat təqdim olunacaq. Sərgi üçün seçilmiş əsərlər mənfəət güdməyən məqsədlərlə (müxtəlif KİV-də göstərilməsi, kataloq yaxud kitab şəklində çapı və s.) təşkilatçı tərəfindən istifadə olunmağa müəlliflərin qəti və birmənalı razılığı müsabiqədə iştirakın şərtidir.

Yekunda Forumun qonaqları arasında aparılan səsvermə nəticəsində müsabiqənin üç qalibi müəyyən olunaraq mükafat və qiymətli hədiyyə ilə təltif ediləcək.

Birinci yer üçün mükafat – Canon Macro Ring Lite MR-14EX II Flash (1000 manat dəyərində)

İkinci yer üçün mükafat – Fotokamera GoPro HERO 4 Silver (750 manat dəyərində)

Üçüncü yer üçün mükafat – Planşet "Surface Windows RT" ( 500 manat dəyərində)

Qeyd edək ki, ərizələrin təqdim edilməsi aprelin 1-nə kimi davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə