Milli Teatr Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib FOTOLAR

Milli Teatr Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib FOTOLAR

Teatr Xadimləri İttifaqında 10 mart - Milli Teatr Gününə həsr olunmuş "Azərbaycan teatrı teatrşünaslıq və teatr tədqiqatı müstəvisində (1920-2016-cı illər)" mövzusunda elmi-praktiki konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfransı giriş sözü ilə açan xalq artisti, professor Azər Paşa Nemətov milli teatr prosesində Azərbaycan Teatr Xadimləri İttifaqının tarixi rolundan bəhs edib. : "Bu gün teatr tarixində əlamətdar hadisələrdən biridir. Artıq özünün ən yüksək inkişaf səviyyəsini yaşayan Azərbaycan teatrı ölkə başçısı İlham Əliyevin uğurlu siyasəti nəticəsində dünya mədəniyyətinə inteqrasiya edir. "10 mart-Milli teatr günü"nün xüsusi qeyd olunması da teatra qayğının bariz nümunəsidir. Teatr Xadimləri İttifaqının yaranması milli teatrın inkişafı ilə sıx bağlıdır. Təməli 1817-ci ildə qoyulan qurum 1987-ci ildən etibarən, Teatr Xadimləri İttifaqı adı ilə fəaliyyətini davam etdirib. Azərbaycanda bir sıra beynəlxalq teatr festivallarının təşkil olunmasında ittifaqın xidməti danılmazdır. Qurumun səyləri nəticəsində, Yuneskonun Beynəlxalq Teatr İnstitutu ilə əlaqələrə nail olunub. Azərbaycan Teatr Xadimləri İttifaqı həmçinin, yaradıcı gənclərin inkişafını da diqqət mərkəzində saxlayıb. Türkiyə, Rusiya, Belarus, Ukrayna ilə sıx əməkdaşlıq qurulub.

Son dövrlərdə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Akademik Milli Dram Teatrı ilə birgə Əliheydər Ələkbərov, Səyavuş Aslan, Əlabbas Qədirov və digər sənətkarların xatirə gecələri təşkil olunub. Lakin görüləcək işlər hələ irəlidədir. Biz, Teatr Xadimləri İttifaqı olaraq, qədim tarixə malik sənətimizin inkişafı yolunda əzmlə çalışmağa hazırıq".

Mədəniyyət və turizm nazirinin müavini, professor Ədalət Vəliyev "Azərbaycan teatr tarixi prosesə mənəvi-əxlaqi, bədii-estetik və kulturoloji reaksiya kimi" mövzusunda çıxış edib: "Hörmətli qonaqlar! Azərbaycan teatrı bu gün özünün intibah dövrünü yaşayır. Ölkə başçısı Cənab İlham Əliyev hakimiyyətə gəldiyi dövrdən başlayaraq, teatrın inkişafına xüsusi yer ayırıb. "Teatr və teatrın fəaliyyəti", "Azərbaycan teatrının inkişafı və maddi-texniki bazanın inkişafının təkmilləşdirilməsi", "Azərbaycan teatrı 2009-2019-cu illərdə" və bu kimi digər sərəncamlar bu günki teatr sənətinin inkişafının təməlində dayanan amillərdir. Prezidentin fərmanına əsasən, uzun illər pərakəndə şəkildə fəaliyyət göstərən teatr müəssisələri bina ilə təmin olunub. Həmçinin, təmirə ehtiyac duyulan binalar yenidən bərpa edilib. Ölkə başçısının mədəni siyasəti nəticəsində yaradıcı gənclər xarici ölkələrdə təcrübə qazanaraq vətənə dönüblər. Artıq Qərbdə və Şərqdə minlərlə insan Üzeyir Hacıbəyli, Mirzə Fətəli Axundovu tanıyır. Elçinin, Kamal Abdullanın əsərləri dünya teatr səhnələrində oynanılır. Bütün bunlar qısa zaman çərçivəsində qazanılan uğurlardır.

Həmçinin, Prezidentimiz və Heydər Əliyev Fondu tərəfindən sənətkarlara xüsusi diqqət və qayğı ilə yanaşılır. Belə ki, son on ildə 80-ə yaxın yaradıcı insan ömürlük təqaüdlə, 130-a qədər sənətkar prezident təqaüdü ilə təmin olunub. 700-dən çox sənət xadimi isə orden və medallarla təltif edilib. Sənətkarların səhhəti, mənzil təminatı ilə də əlaqədar olaraq, davamlı tədbirlər görülür. Bu yaxınlarda, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə, xalq artisti Afaq Bəşirqızının müalicəsinin dövlət tərəfindən qarşılanmasına qərar verilib. Bu, fikirlərimə əyani sübutdur.

Bu il Prezident İlham Əliyevin sərəncamına əsasən, "multikulturalizm" ili elan olunub. Azərbaycan teatrı daim başqa xalqların və millətlərin mədəniyyətinə qucaq açıb, digər mədəniyyətlərin təbliğinə dəstək olub. Belə ki, bu gün bütün teatr müəssisələrimizdə yerli dildən əlavə, rus dilində də tamaşalar ifa olunur. Həmçinin, bölgələrimizdə ləzgi, tatar, gürcü dillərində teatrlar fəaliyyət göstərir. Yekun olaraq, onu da vurğulayım ki, bütün bunlar qarşıda görüləcək işlərin başlanğıcıdır. Azərbaycan teatrını bundan da işıqlı gələcək gözləyir".

Daha sonra çıxış edən əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə Beynəlxalq konfrans və festivalların milli teatr prosesinə təsirini vurğulayıb: "Azərbaycan teatrı artıq 2010-ci ildən etibarən, Bakıda keçirilən bütün festivallarda yüksək səviyyədə ev sahibliyi edib. Həmçinin, dünyanın 100-dən çox ölkəsində qastrol səfərlərində uğurlar qazanıb. Biz bu faəliyyətimizi gələcəkdə də yüksək səviyyədə davam etdirəcəyik".

Milli teatr tarixinin tədqiqat mərhələlərindən danışan professor İlham Rəhimli çıxışında qeyd edib ki, Azərbaycan teatr tarixi haqqında saysız kitablar dərc olunub: "Bu gün biz tədqiqat mövzularını daha da genişləndirməliyik. Teatr xadimləri haqqında portret yazılar, oçerklər qələmə alınmalıdır. Azərbaycan teatr səhnəsində 67 millətin 2000-dən çox pyesi tamaşaya qoyulub. Bu ənənəni davam etdirmək məqsədi ilə, yüksək səviyyəli tərcümə əsərlərinə yer verməliyik".

Qeyd edək ki, tədbirin ikinci hissəsində bir qrup yaradıcı şəxslərə teatr sənətindəki xidmətlərinə görə, "fəxri mədəniyyət işçisi" döş nişanı təqdim olunub.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə