Mübariz Həmidov:"Azərbaycan teatrını işıqlı, perspektivli gələcək gözləyir" MÜSAHİBƏ

Mübariz Həmidov:"Azərbaycan teatrını işıqlı, perspektivli gələcək gözləyir" MÜSAHİBƏ

Bu gün qədim və zəngin tarixə malik Azərbaycan Teatrı 143 yaşını qeyd edir. Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov uzun, keşməkeşli yol keçən teatr məbədinin dünəni, bu günü və sabahı, həmçinin, Gənc Tamaşaçılar Teatrının fəaliyyət prinsipləri ilə bağlı SİA-ya müsahibə verib:

-Gənc Tamaşaçılar Teatrı əsərlərin seçimində tarixi ənənələrin daşıyıcısı olmasına yoxsa zəmanənin tələbinə cavab verməsinə önəm verir?

-Bu, bir çox teatr rəhbərlərini və yaradıcı heyəti düşündürən sualdır. Hazırda Azərbaycanda tarixi köklərə malik 26 dövlət teatrı fəaliyyət göstərir. Bunlardan biri də Gənc Tamaşaçılar Teatrıdır. Biz daim yeni əsərləri səhnələşdirərkən tarixi ənənənələrə sadiq qalmağa çalışırıq. Çünki teatrın təməlində dayanan prinsipləri yox saymaq, onun tarixi keçmişini unutmaq olmaz. Amma tamaşaçı marağını və tələbini də nəzərə almadan uğur qazanmaq mümkün deyil. Buna görə də, bizim teatr hər iki prinsipə önəm verir. Bilirsiz ki, hər teatrın öz repertuar siyasəti var. Bu siyasətdə həm aktyor heyətinin inkişafı, həm səhnə əsərlərinin yüksək səviyyədə olması, həm də tamaşaçıların fikri nəzərə alınmalıdır. Biz hər nəslin nümayəndəsinin tələbatına cavab vermək üçün müntəzəm olaraq, tədbirlər görürük. Belə ki, artıq 2011-ci ildən etibarən, tamaşaçıların teatra olan münasibətini öyrənmək məqsədi ilə rəy kitabının yazılmasına başlanılıb. Bu yaxınlarda bədii şuranın iştirakı ilə həmin kitabın beş illik hesabatını müzakirə etdik. Təbii ki, əksəriyyəti müsbət, bir qismi də irad və təkliflərdən ibarət olan həmin rəylər bizim gələcəyə yönələn repertuarımızda mütləq nəzərə alınacaq.

-İstər Gənc Tamaşaçılar Teatrı, istərsə də digər teatr qurumlarımızda heç vaxt daxili münaqişələr əskik olmur. Sizcə, bu problemlərin yaranmasına səbəb yaradıcılıq həvəsidir yoxsa şəxsi prinsiplər?

-Teatr da ailə kimi cəmiyyətin kiçik modelidir. Hələ Şekspirin dövründən teatrlarda münaqişələr olub. Yaradıcılıqda bu, gözlənilən haldır. Çünki hər kəs özünü istedadlı hesab edir. Lakin belə olduqda, bəzi məqamlar unudulur. Məsələn, hamı "Hamlet"də baş qəhrəmanı ifa etmək istəyir. Amma düşünmürlər ki, bu, bilavasitə rejissorun təxəyyülünün məhsuludur. Onun hansı aktyoru Hamletin və ya digər qəhrəmanın rolunda görməsi həlledicidir. Təbii ki, sağlam rəqabət işin yüksək səviyyədə alınmasında önəmli amildir. Amma bu, artıq yaradıcılıq sferasından çıxıb şəxsi qərəzliyə, ədavətə, hətta ailəvi münaqişəyə çevriləndə, nəticəsindən həm teatr müəssisəsi, həm səbəbkarlar, həm də cəmiyyət ziyan çəkir. Teatrın mədəniyyət məbədi olduğunu unutmamaq lazımdır. Ona görə də hesab edirəm ki, belə məqamlar teatrın mətbəxində qalmalıdır.

-Teatrda rejissorlarla aktyorların iş fəaliyyətinə sizin müdaxiləniz olur?

-Xeyir, mənim birbaşa müdaxiləm olmur. Heç vaxt yaradıcı heyətə təzyiq göstərən rəhbər olmamışam. Ona görə də, rol bölgüsündə rejissorlar sərbəst qərar verirlər. Çünki rejissor truppanın potensialına bələd olur. Lakin "Gənclər" və "Kamera" teatrı bizim müəssisəyə birləşəndən sonra teatrımızda fəaliyyət göstərən aktyorların sayı 86-ya çatıb. Qurum olaraq, onların da məşğulluğunu təmin etmək lazımdır. Bir aktyor ildə iki tamaşada rol alsın, digəri ayda bir tamaşada, nəticədə isə, hər ikisi eyni əmək haqqı alsın. Bu, digərinin əməyini istismar etmək olar. Belə olan halda, əgər bir neçə tamaşada eyni aktyorun müntəzəm rol aldığını görürəmsə, o zaman müdaxilə etməyə məcbur oluram.

-Təxminən, dörd-beş il bundan öncə teatr "Cənnət Səlimova və aktyorlar" başlıqlı münaqişənin obyektinə çevrilmişdi. Bunun həlli yolu olaraq, baş rejissor vəzifəsinə Bəhram Osmanov təyin olundu. Bu gün eyni hallar yaşanmır ki?

-Qeyd etdiyiniz problemin yaşanması o zaman normal idi. Çünki teatrlar yeni birləşmişdi. Kollektivlərin bir-birinə alışması üçün zamana ehtiyac var idi. Bu, elə də qlobal problem deyildi. Sadəcə bir-iki aktyorun hesabına məsələ qabardıldı. Nəticədə də, həmin insanlar teatrdan uzaqlaşdı. O ki, qaldı baş rejissor vəzifəsinə... Bəhram Osmanovun baş rejissor təyin olunmasında məqsəd bu problemi həll etmək deyildi. Sadəcə Cənnət Səlimovanın yaş senzi bitdiyinə görə, ölkə başçısı cənab İlham Əliyevin fərmanına əsasən, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin göstərişi ilə dəyişiklik oldu. Bu gün artıq elə problemlər bir də təkrar olunmur.

-Bu gün demək olar ki, bütün teatr müəssisələrimizdə cavan və yaşlı nəsil aktyorların arasında rol davası gedir. Bunun həlli yolunu nədə görürsünüz?

-Gənc Tamaşaçılar Teatrında heç vaxt elə problem yaşanmayıb. Çünki hər kəsin özünə, yaşına, potensialına uyğun rol var. Aktyor daxilində yaxşı bilir ki, hər hansı bir qəhrəmanı canlandırmaq bacarığına malikdir ya yox. Lakin bunu danmaqla ətraf mühiti öz peşəkarlığına inandırmağa çalışır. Hər aktyor öz istədiyi rolu oynamaqda təkid etsə, o zaman rejissor nəyə gərəkdir?! Səhnə əsəri onun təxəyyülünün məhsulu olduğu üçün, hər obrazı kimin canlandıracağına da o, qərar verə bilər. Ona görə də, bizim teatrda qeyd etdiyiniz iki nəsil arasındakı problem yaşanmır.

-Bu gün "Milli teatr günü"dür. Sizcə, 143 illik tarixi olan teatrımızın bugünki mənzərəsi nə dərəcədə qənaətbəxşdir?

-Teatrın həm intibah, həm də tənəzzül yaşadığı dövrlər olur. Bu gün istər tamaşaçı marağı, istər maddi-texniki təminat, istərsə də yaradıcı heyət baxımından, Azərbaycan teatrı özünün ən yüksək inkişaf mərhələsindədir. Prezident İlham Əliyevin sərəncamına əsasən, "2009-2019-cu illər üçün Azərbaycan teatrının inkişafı" ilə bağlı dövlət proqramı icra olunur. Proqramın əsas məqsədi teatrın dünyaya inteqrasiya olunması, xarici ölkə teatr mütəxəssislərinin Azərbaycana dəvət olunması, master-class, treninqlərin keçirilməsi, qarşılıqlı qastrol səfərlərinin təşkil olunmasından ibarətdir. Buna əsasən, Gənc Tamaşaçılar Teatrı 6 ölkənin teatrı ilə müqavilə imzalayıb. Qarşılıqlı qastrol səfərlərimiz davam edir. Həmçinin, bizim heyətin üzvləri dəfələrlə xarici ölkələrdə təcrübə keçməyə göndəriliblər. Mayın 29-da heyətimiz Mirzə Fətəli Axundovun "Hekayəti xırs quldurbasan" əsəri əsasında səhnələşdirilən tamaşa ilə Londonun teatr səhnəsində çıxış edəcək. Paralel olaraq, 5 ölkədən də dəvət gəlib. Həmçinin, iki il öncə premyerası gerçəkləşən "Müharibə" tamaşasının da Rusiya teatrında oynanılması təklif olunub.

Düşünürəm ki, belə sürətli inkişaf digər teatrlara da aiddir. Bu baxımdan, hesab edirəm ki, Azərbaycan teatrını çox işıqlı, perspektivli gələcək gözləyir.

Bu gün ölkə başçımızın göstərdiyi diqqət və qayğı nəticəsində demək olar ki, bütün teatrlar yenidən təmir olunub, gərəkli olan bütün təchizatlarla təmin edilib. Belə olan halda, bizim də borcumuz yüksək səviyyəli tamaşalar hazırlamaq, yaradıcı kadrların inkişafına çalışmaq, tamaşaçıların fikrini nəzərə alaraq, repertuarı zənginləşdirməkdir.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə