Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri hər ay şəhər və rayonlarda əhali ilə görüşlər keçirirlər. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Sumqayıt Şəhərinin Tarix Muzeyində Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edərkən kinoaktyor Ruslan Sabirli tərəfindən ölkəmizdə kitaba marağın təbliğ olunması və mütaliənin təşviqi məqsədilə Azərbaycanda İlk Buktreyler Festivalının keçirilməsi təşəbbüsü irəli sürülüb.
Bu təşəbbüs nazir Əbülfəs Qarayevin marağına səbəb olmuş və Buktreyler Festivalının keçirilməsinə kömək məqsədilə o, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində kinoaktyor Ruslan Sabirlinin və nazirliyin məsul şəxslərinin iştirakı ilə müşavirə keçirib. Nazir müşavirədə Azərbaycanda ilk dəfə keçiriləcək Buktreyler Festivalı təşəbbüsünü bəyəndiyini bildirib, sözügedən festivalın cəmiyyətimizə və ölkəmizin gəncliyinə verə biləcəyi tövhələrini vurğulayıb. Daha sonra isə kinoaktyor Ruslan Sabirli festivalın məqsəd və vəzifələri, keçirilmə qaydaları və bunun üçün ehtiyac duyulan dəstək barədə müşavirə iştirakçılarına ətraflı məlumat verib.
Müşavirədə Festivalın münsiflər heyətinin tərkibinin seçilməsi, işlərin son qəbul tarixi, festivalın keçirilmə yeri, qaliblərin mükafatlandırılması və s. kimi mühüm məsələlər müzakirə olunub.
İşlərin qəbul tarixinin 10 aprel 2016-cı il tarixinədək artırılması, eləcə də 1, 2 və 3-cü yer qaliblərinə müvafiq olaraq, 1000, 800 və 500 manat pul mükafatının təyin edilməsi barədə qərar qəbul edilib. Nazir Əbülfəs Qarayev bu sadalananların gənclərin festivalda iştirakını stimullaşdırması üçün mühüm şərt hesab etdiyini söyləyib, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin festivalın keçirilməsinə lazımi təşkilati dəstək göstərəcəyini bildirərək bu məqsədlə müvafiq göstərişlər verib.
Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmdir. Buktreylerləri ədəbiyyat, kino, reklam və internet texnologiyalarını özündə cəmləşdirən yeni incəsənət növü adlandırmaq olar.
Festivalın məqsədləri:
1. kitab və mütaliənin cəmiyyətdə təbliği;
2. kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması;
3. buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafı.
Qeyd edək ki, festivalda iştirak şərtləri və buktreylerə olan tələblərlə bu linkdən tanış olmaq olar:
https://www.facebook.com/notes/book-trailer-festival/boook-trailer-festival-2016/1121468731220217
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB