Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konstitusiyanın 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq xalçaçılıq sənətinin inkişafında xidmətlərinə görə Vidadi Aydın oğlu Muradovu "Şöhrət" ordeni ilə təltif edib.
Xalçaçı-ekspert, tarix üzrə fəlsəfə doktoru, professor, "Azər-İlmə"nin təsisçisi və rəhbəri, "Azərbaycan xalçaları" elmi-publisistik jurnalının baş redaktoru Vidadi Aydın oğlu Muradov 5 mart 1956-cı ildə Bərdə şəhərində anadan olub. 1974-1980-ci illərdə Moskva Kooperativ İnstitutunun İqtisadiyyat fakültəsində "İqtisadiyyatın təşkili" ixtisası üzrə təhsil alıb. 1980-ci ildən etibarən 1994-cü ilədək respublikanın müxtəlif müəssisələrində iqtisadçı kimi fəaliyyət göstərib. 1998-2002-ci illərdə "Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyində baş direktorun müavini vəzifəsində çalışıb. 2006-cı ildən indiyədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin məsləhətçisidir. 1994-cü ilin oktyabrında təsis olunmuş, məramı unudulmuş çeşnilərin bərpası, yüksək keyfiyyətli xalçaların istehsalı, bir çox şəxsi kolleksiyaları və dünya muzeylərini bəzəyən Azərbaycan xalçalarının təbliği olan "Azər-ilmə" elmi tədqiqat və istehsalat mərkəzinin direktorudur. Azərbaycan Avrasiya Universitetində dekorativ-tətbiqi sənət üzrə professordur. 2014-cü ildə AMEA Tarix İnstitutunun "Əhali tarixi və tarixi demoqrafiya" şöbəsində "Azərbaycanın İrəvan bölgəsində xalçaçılıq sənətinin inkişaf tarixindən: XVIII əsrin II yarısı-XX əsrin əvvəlləri (bölgəyə aid 100 orijinal xalça əsasında)" mövzusunda tarix üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edib.
Azərbaycan, rus, türk dillərini bilir.
Ailəlidir, üç övladı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB