Nazir xanımları təbrik etdi

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev ölkəmizin mədəniyyət və turizm sahələrində çalışan xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, nazir təbrikində vurğulayıb ki, xalqımızın malik olduğu mənəvi-mədəni dəyərlər sistemində qədim dövrlərdən qadın daim müqəddəs bir yerə sahib olub. Türk xalqlarının milli mənəviyyat abidəsi hesab edilən "Kitabi-Dədə Qorqud" dastanı, eləcə də digər folklor nümunələrimizdə qadın-ana uca tutulub, onun ailədə və cəmiyyətdə rolu dönə-dönə vurğulanıb, yüksək qiymətləndirilib. Bu tendensiyalar Azərbaycan ədiblərinin, rəssam və musiqiçilərinin yaradıcılığında da öz əksini tapıb, əsrlər boyu davam edərək bu günümüzə gəlib çatıb.

Təbrikdə daha sonra deyilir: "Bu gün Azərbaycanda mədəniyyət və turizm sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir. Onların bu sahələrin inkişafına verdikləri töhfələr yüksək dəyərə layiqdir. Azərbaycan xanımlarının ailədəki müstəsna yeri onların ictimai həyatdakı fəaliyyətlərində də özünü aşkar şəkildə göstərir. Qadınların çalışdıqları sahələrdə əldə etdikləri nailiyyətlər dövlətimiz tərəfindən həmişə mükafatlandırılıb, onlar müxtəlif təltiflərə layiq görülüblər".

Əbülfəs Qarayev sonda bir daha mədəniyyət və turizm sahələrində fəaliyyət göstərən xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara ailə səadəti, firavanlıq arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə