Dinara Əliyeva Moskvada konsertdə çıxış edəcək

Azərbaycanın əməkdar artisti Dinara Əliyeva Moskvada P.Çaykovski adına konsert zalında "Zolotıye qolosa Rossii" adlı konsertdə çıxış edəcək. SİA-nın Dinara Əliyevanın saytına istinadən verdiyi xəbərə görə, martın 15-də baş tutacaq konsertdə o, Aleksey Markovla (bariton) birgə ifa edəcək.

Konsertdə Cakomo Puççini, Rucero Leonkavallo, Cüzeppe Verdi və Umberto Cordanonun əsərləri səsləndiriləcək. Rusiya Milli Filarmonik Orkestrinə Almaniyadan Ken-David Mazur dirijorluq edəcək.

Qeyd edək ki, Dinara Əliyeva (soprano) 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, Rusiya, İtaliya, Fransa, Yunanıstan, Çexiya, Monte-Karlo, ABŞ, Yaponiyanın opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində "GalaVerdi" adlı solo konsertləri böyük uğurla keçib. 2015-ci ildə Moskvada Dinara Əliyevanın "Opera Art" Birinci Beynəlxalq Musiqi Festivalı keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə