“Gözəllik nuru” layihəsinin təqdimat mərasimi keçirilib FOTOLAR
Muzey Mərkəzinin qalereyasında Mədəniyyət və Turizm Nazirliyi, Muzey Mərkəzi, Milli Musiqi Şurası və "Kukla" Art qalereyası tərəfindən təşkil olunan "Gözəllik nuru" layihəsinin növbəti təqdimat mərasimi keçirilib. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş sərgi və konsertin birgə sintezi şəklində təqdim edilən "Gözəllik nuru 2016" layihəsi bahar dirçəlişinin qadın obrazında təcəssümünü ehtiva edir. Tədbirdə iştirak edən Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan qadının mədəni-ictimai həyatdakı rolundan danışıb, bayram münasibəti ilə qadınları təbrik edib. Bildirilib ki, son illərdə ölkə rəhbərliyinin, həmçinin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə mədəniyyətin bütün sahələrində dönüş və irəliləyişin şahidiyik. Ölkəmizdə keçirilən Beynəlxalq müsabiqə və festivallarda xanım sənətkarlarımızın da uğurlarını görə bilirik. Gələcək nəslin vətənpərvər tərbiyəsində qadınlarımızın rolu əvəzsizdir. Hər bir gəncin doğru-düzgün əxlaqı, inkişafı məhz, zərif ana çiyinlərinin üzərinə düşür. Ədalət Vəliyev bütün qadınları 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edərək can sağlığı arzulayıb.
"Gözəllik nuru" incəsənət layihəsi qadınların incəsənət və həyatdakı rolu ideyasına həsr olunub. Bahar fəslinin gəlişi ərəfəsində gerçəkləşən layihə həm də qadın və təbiət bir-birinə doğma edən həyatın başlanğıçının rəmzidir. Art-layihədə təsviri sənət və musiqinin vəhdəti tərənnüm edilir. Qadın kainatın rəngarəng gözəlliyini tərənnüm edərək, incə ştrixlərlə Azərbaycan rəssamlarının sənət əsərlərinə nüfuz edir.
Sərgi-konsert kimi təqdim edilən layihədə Bülbül adına orta ixtisas məktəbinin şagirdlərinin təqdim etdikləri bir-birindən maraqlı musiqi nömrələri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Şagirdlərin ifasında Vaqif Mustafazadənin "Mart", "Qadın ətri" kinofilmindən tanqo, Fikrət Əmirovun "Azərbaycan elləri", J.Kosmanın "Xəzan yarpaqları", Tofiq Quliyevin "Qaytağı" və digər əsərlər gecəyə xüsusi rəng qatıb.
Qeyd edək ki, daha sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgi qadın zərifliyini və incəsənətin müxtəlifliyini əks etdirir. Burada rəssamlarımızın bir-birindən maraqlı əsərləri sərgilənir. Mir Nadir Zeynalovun "Çiçəklənən ərik", Hüseyn Haqverdiyevin "Bahar" seriyasından olan tablolarla yanaşı Emin Əsgərovun "Kolleksiya"sındakı zərif kəpənək və pərvanələrin də baharın gəlməsinə şahidlik etdiklərini görmək mümkündür. Sərgilənən əsərlər sırasında Arif Hüseynovun Şərq motilərinin ecazkarlığını, Mehriban Əfəndinin "Ruhun krallığı"nın sehrinə də düşmək olur. Sakit Məmmədovun "Bayram" tablosu isə sanki insan emosiyalarının inikasıdır. Əsərdə əks olunan qadın surətləri gül motivləri ilə biri-birini tamamlayır. Sərgidə heykəltəraşlıq, kukla art nümunələri hər bir tamaşaçını heyran edə biləcək dərəcədə gözəlliyə malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB