Beynəlxalq Muğam Mərkəzində türk dünyasının böyük şairi Nazim Hikmətin anım mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərsimdən öncə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmış "Türk dünyasının Nazim Hikməti" adlı kitab sərgisi nümayiş olunub.
Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Meral Barlas çıxışında türk dünyasının böyük sənətkarı olan Nazim Hikmətin həyat və yaradıcılığı haqqında məlumat verib. O, qeyd edib ki, Nazim Hikmət XX əsrin qabaqcıl şairlərindəndir. Nazim Hikmətin kəşməkeşli həyatı onun əsərlərində əksini tapıb: "Nazim Hikmət uzun müddətli həbs həyatından əvvəl yazdığı bir çox şeirini mənzum hekayə formasında qələmə alıb. 1950-ci ildən sonra Moskvaya gedən Nazim Hikmətin 1950-1963-cü illər yaradıcılığında vətən həsrəti, sülh, sevgi öz əksini tapıb".
Meral Barlas həmçinin, şairin Azərbaycana səfəri haqda da danışaraq bildirib ki, Nazim Hikmətin 1957-ci ildə Azərbaycana gəlişi böyük coşqu yaradıb. Nazim Hikmət o dövrdə Bakıda "Mən türkəm, siz də türksünüz. Dilimiz bir, millətimiz qardaşdır" deməkdən çəkinməyib.
Tədbirdə AYB-nin sədri, xalq yazıçısı Anar qeyd edib ki, şairin ilk kitabı – "Günəşi içənlərin türküsü" Bakıda çap olunub.
Nazim Hikmət tədqiqatçısı, professor Akşin Babayev şairin Azərbaycana, onun mədəniyyət xadimlərinə çox bağlı olduğunu söyləyib, onunla bağlı xatirələrindən söhbət açıb.
Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov ölkəmizdə tədqiqatçıların Nazim Hikmət yaradıcılığına yer verdiklərini, onun yaradıcılığının tədris olunduğunu söyləyib. Bildirib ki, Nazim Hikmətin Azərbaycana sevgisi qədər, Azərbaycan ziyalılarının da şairə sevgisi var.
Çıxış edən bəstəkar Arif Məlikov şairin ona həmişə övladım deyə müraciət etdiyini söyləyib. N.Hikmətin "Məhəbbət əfsanəsi" baletinin Türkiyədə premyerasını görmədiyini təəssüflə qeyd edən bəstəkar bu baletlə yanaşı, onun əsərlərinə bir neçə romanslar yazdığını deyib.
Çıxışlardan sonra tədbir Nazim Hikmətindən şeirlərinin və parçalara bəstələnmiş musiqilərin səsləndirilməsi ilə davam edib.
Sonda çıxış edən Bakıdakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım anma gecəsinə təşrif buyuranlara təşəkkürünü bildirib.
Qeyd edək ki, anım tədbiri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi, Türkiyənin Azərbaycan səfirliyi nəzdində fəaliyyət göstərən Bakı Yunus Emre İnstitutunun təşkilatçılığı ilə təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB