Martın 5-də Park Bulvar Ticarət Mərkəzinin 1-ci mərtəbəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Turizm Assosiasiyası (AZTA) tərəfindən 4-cü Mövsüm Səyahət Yarmarkası keçiriləcək. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, yarmarka həm də bütün gün ərzində məşhur şəxslərin iştirakı ilə əyləncəli tədbirlərlə müşayiət olunacaq.
Müştərilərə Novruz bayramı ərəfəsində yaz, yay tətillərində xoş və maraqlı vaxt keçirmək üçün təkliflər təqdim olunacaq.
Yarmarkada turizm agentliklərinin endirimləri, erkən bronlaşdırmalar və turizm marşrutları haqqında məlumat veriləcək.
Tədbir çərçivəsində müxtəlif konkurslar, lotoreyalar və oyunlar keçirilməsi planlaşdırılır. Konkursun qaliblərinə Türkiyə, BƏƏ və Azərbaycanın bir çox otellərinə tur məhsulları təqdim olunacaq.
Ölkənin 20-dən çox turizm şirkətinin nümayəndələri tərəfindən 4-cü Mövsüm Səyahət Yarmarkasında müştərilərin suallarına cavab veriləcək, bütün arzu və təkliflər nəzərə alınaraq uyğun tur seçimində yaxından köməklik göstəriləcək.
Qeyd edək ki, 4-cü Mövsüm Səyahət Yarmarkası saat 11:00-dan 20:00-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB