ATMU-nun əməkdaşı “Beynəlxalq həftə”də iştirak edib FOTOLAR

ATMU-nun əməkdaşı “Beynəlxalq həftə”də iştirak edib FOTOLAR

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa Finlandiya Respublikasının Kajaani Tətbiqi Elmlər Universitetinin təşkilatçılığı ilə keçirilmiş "Beynəlxalq həftə"də iştirak edib. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, Kaajani Tətbiqi Elmlər Universitetində təşkil olunmuş "Beynəlxalq həftə"də bu ali təhsil ocağı əməkdaşının iştirakı universitetlərarası qarşılıqlı anlaşmaya əsasən, 2015- cil idən 5 il müddətinə həyata keçirilməsi nəzərdə tutulan Erasmus Mundus "KA-1" layihəsi çərçivəsindədir.

ATMU əməkdaşı "Beynəlxalq həftə"-nin davam etdiyi müddətdə universitetlərdə beynəlxalq əlaqələrin qurulması və inkişaf etdirilməsi, turizmdə müasir araşdırma mövzuları, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətli panellərdə, o cümlədən, təhsil sərgisində də iştirak edib.

Orxan Musa "Dünya ölkələrində turizmin vəziyyəti"nə həsr olunmuş paneldə Azərbaycanda turizmin müasir vəziyyəti, son illərdə turizm sektorunda görülən əhəmiyyətli işlər, o cümlədən, ATMU-nun təhsil strategiyası haqqında iştirakçılara ətraflı məlumat verib. Tədbir zamanı aparılan danışıqlara əsasən, apreldə Finlandiya Respublikasının Kajaani Tətbiqi Elmlər Universitetinin müəllimi qısa müddət ərzində ATMU - da turizm ixtisası üzrə müvafiq fənni tədris edəcək.

Qeyd edək ki, ATMU-nun mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, 2015-2016- cı tədris ilinin 2-ci semestrindən turizm və qonaqpərvərlik ixtisasının 2 tələbəsi məlum proqram çərçivəsində Finlandiya Respublikasının Kajaani Tətbiqi Elmlər Universitetində təhsil alırlar. Yeni tədris semestrində də tələbə mübadiləsinin təşkil olunması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə