QHT-lərin fəallığının artırılması məsələləri müzakirə edilib FOTOLAR

QHT-lərin fəallığının artırılması məsələləri müzakirə edilib FOTOLAR

Lənkəran şəhər Mədəniyyət Mərkəzində "Mədəniyyətimizin inkişafında və təbliğində QHT sektorunun rolu" mövzusunda zona görüşü keçirilib. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə 6 rayonda (Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara) fəaliyyət göstərən 100-ə yaxın QHT nümayəndəsi və fəal gənclər, təhsil və mədəniyyət işçiləri iştirak edib. Tədbirdə Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Vüsal Nəsirli açılış nitqi ilə çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev "QHT-lərlə əməkdaşlıq Mədəniyyət və Turizm Nazirliyinin prioritet istiqamətlərindən biri kimi" mövzusunda məruzə edib.

Məlumat verilib ki, nazirliyin strukturunda həyata keçirilən islahatlar nəticəsində sahə üçün mahiyyət etibarı ilə yeni sayıla biləcək istiqamət müəyyənləşdirilib. Bu istiqamət mədəniyyət məsələləri üzrə ixtisaslaşmış QHT-lər ilə əməkdaşlıq əlaqələrinin yaradılması və birgə layihələrin həyata keçirilməsindən ibarətdir.

Bildirilib ki, bu istiqamətdə müəyyən təhlillər və araşdırmalar aparılıb, eləcədə, Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli qərarı ilə təsdiq edilən "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət büdcəsindən maliyyələşdirilməsi Qaydası"nın icrasını təmin etmək məqsədilə ictimai əsaslarla fəaliyyət göstərən Müsabiqə Komissiyası yaradılıb və ilk müsabiqələr ilə bağlı elanlar verilib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci il üçün elan olunan müsabiqəyə qeyri-hökumət təşkilatları tərəfindən 86 layihə göndərilib. Artıq mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə 2016-cı il üçün müsabiqə elanı da verilib və müsabiqəyə 95 layihə təqdim edilib. Həmçinin, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən region QHT-ləri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu əməkdaşlığın səmərəliliyinin artırılması planlaşdırılıb.
Nazirliyin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun aparıcı məsləhətçisi İsa Məmmədov və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev layihələrin prioritet mövzuları, təqdimetmə qaydaları, layihələrin formalaşmasında regionların xüsusiyyətlərinin nəzərə alınması, QHT-lərin nazirliklə münasibətlərini tənzimləyən qanunvericilik bazası barədə məlumat verib.

Qeyd edək ki, tədbirdə mədəniyyətimizin təbliği işində QHT potensialının təhlili, mədəniyyət sahəsi üzrə ixtisaslaşmış QHT-lərə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən göstərilə biləcək dəstək və birgə əməkdaşlıq istiqamətlərinin araşdırılması, əməkdaşlıq formalarının müəyyən olunması, gənclərin QHT-lərdə fəallığının artırılması, eləcə də, Azərbaycan Respublikası Prezidentinin 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsi məsələləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə