Əbülfəs Qarayev: “Artıq bir neçə ölkədə öz fəaliyyətini davam etdirən nümayəndəliklər müsbət nəticələr verir” AÇIQLAMA
"Ölkəmizdə hər zaman mədəniyyət və incəsənət adamlarının fəaliyyəti yüksək qiymətləndirilib". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, bu gün Prezidentin sərəncamına əsasən, fəxri adlara layiq görülən bir qrup mədəniyyət, incəsənət xadiminə orden və medallar təqdim olunur: "Tədbir xalqımızın Novruz bayramı ərəfəsində od çərşənbəsini qeyd etdiyi bir günə təsadüf edir. İnanıram ki, bu ab-hava istər-istəməz bütün incəsənət adamlarına və mükafatlandırılan insanlara da ruh yüksəkliyi verir. Prezident İlham Əliyevin bu sərəncamı onların yaradıcılığına yüksək qiymətlə yanaşı, həm də bir töhfədir ki, bu, onları həvəsləndirsin və daim yaradıcılıq axtarışlarına davam etsinlər. Mən əminəm ki, ölkəmiz hər zaman olduğu kimi dünya miqyasında ən ali mədəniyyət nümunələrini təqdim etməyə qadirdir. Çünki incəsənət əsərləri vətənimizi dünyada təbliğ edən ən uğurlu vasitələrdəndir. Mükafat alan ictimai xadimlər arasında gələcəkdə də böyük işlər görəcək insanlar vardır. Bu məqsədlə, onlara uğurlar arzu edirəm".
Azərbaycanın digər ölkələrdə açdığı nümayəndəliklər haqqında da məlumat verən Əbülfəs Qarayev söyləyib ki, bununla biz ölkəmizə səfər edən turistlərin sayının daha da artırılmasına ümid edirik: "Artıq bir neçə ölkədə öz fəaliyyətini davam etdirən nümayəndəliklər müsbət nəticələr verir. Belə ki, bizim nümayəndəliklər iki ildir ki, Almaniyada və BƏƏ-də fəaliyyət göstərir. Bu müddət ərzində, onlar həm turist axının təmin olunmasında, həm də ölkəmiz haqqında məlumatların dünyaya yayılmasında lazımi işlər görürlər. Xüsusilə qeyd etmək istərdim ki, həm Almaniyada, həm də BƏƏ-də keçirilən sərgilərdə Azərbaycana diqqət və maraq çox böyükdür. Bu da, işin məntiqi nəticəsidir. Bu gün bizim üçün çox önəmli olan bazarlarda da fəaliyyətin gücləndirilməsi vacibdir. Biz bunu tanınmış şirkətlərlə imzaladığımız müqavilələr əsasında gerçəkləşdiririk. Bu şirkətlər Azərbaycanın daha geniş şəkildə tanıdılması və reklam proqramlarının həyata keçirilməsi prosesini öz üzərinə götürüb".
Nazir həmçinin, Türkiyənin turizm dəstəyi üçün müraciət etməsi ilə bağlı açıqlama verib: "Türkiyə dünyanın aparıcı turizm ölkələrindən biridir. Onları daim turist axınının çoxaldılması maraqlandırır. Biz ölkə olaraq, hər zaman Türkiyənin təcrübəsindən istifadə edirik. Onların yerli müəllimləri bizim turizm və menecment təhsil müəssisələrində tədris edirlər. Hesab edirəm ki, mövcud siyasi və iqtisadi çətinliklərlə əlaqədar olaraq, ölkələrə axın edən turistlərin sayının azalmasına biz sevinməməliyik. Lakin turizm bazarı çox həssas sektordur. Həmin bazarda boşluq yaranan kimi mütləq yeni təklif irəli sürmək lazımdır. Biz də bununla bağlı gərəkli addımlar atırıq".
Kubra Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB