“Vətəndən pay olmayır” FOTOLAR

“Vətəndən pay olmayır” FOTOLAR

Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Cabir Novruzun sözlərinə bəstələnmiş mahnılardan ibarət "Vətəndən pay olmayır" adlı konsert proqramı təqdim edilib.

Sarayın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, konsertdə xalq artisti Mübariz Tağıyev, xalq artistləri Gülyanaq Məmmədova, Heydər Anatollu, əməkdar artistlər İlqar Muradov, Aygün Bəylər, Mətanət İsgəndərli, Azad Şükürov (bədii qiraət), müğənnilər Şəhla Həmidova, Vüsalə Əsgərova, Rövşən Əziz və xalq artisti Rauf Babayevin rəhbərliyi ilə "Qaya" dövlət ansamblı çıxış edib.

Müğənniləri səhnədə Tariyel Abbasovun rəhbərliyi ilə "Dan ulduzu" instrumental ansamblı və Asif Kərimovun rəhbərliyi ilə "Xaqan" instrumental ansamblı müşayiət edib.

Konsert Cabir Novruzun öz səsi ilə yazılmış "Sağlığında qiymət verin insanlara" şeiri ilə başa çatıb.

Qeyd edək ki, Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanıb. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə