“Bölgələrdən paytaxta”

Mədəniyyət və Turizm Nazirliyi 2015-ci ildən icrasına başlanılan "Bölgələrdən paytaxta" layihəsi ilə Bakı sakinlərini Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı, mədəni irsi ilə tanış edir. Layihə çərçivəsində bölgələrin adət-ənənələrini, el sənətkarlığını, mətbəxini, sosial-iqtisadi inkişafını, turizm potensialını əks etdirən sərgilər nümayiş etdirilib, bədii kollektivlərinin və incəsənət ustalarının konsertləri keçirilib. Ölkəmizin qədim və zəngin mədəniyyətinin geniş təbliğ edilməsinə, regionlararası mübadilənin güclənməsinə əlavə zəmin yaradan "Bölgələrdən paytaxta" layihəsi 2016-cı ildə də davam etdirilir.

Layihə çərçivəsində növbəti təqdimat Abşeron rayonuna həsr olunub.

Nazirlikdən SİA-ya bildirilib ki, tədbir Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və rayonun mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə fevralın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.

Tədbir zamanı teatrın foyesində Abşeron rayonunun tarixi-mədəni irsini, bugünkü inkişafını, sosial-iqtisadi nailiyyətlərini, turizm imkanlarını əks etdirən sərgi nümayiş olunacaq. Rayonda istehsal olunan ərzaq və kənd təsərrüfatı məhsulları, dekorativ-tətbiqi sənət ustalarının əl işləri, yerli mətbəx nümunələri də sərgilənəcək.

Qeyd ki, 2015-ci il ərzində "Bölgələrdən paytaxta" layihəsi çərçivəsində Masallı, Qəbələ, Quba, Şəki, Gədəbəy, İsmayıllı, Şəmkir, Xaçmaz və Zaqatala rayonlarının Bakı şəhərində təqdimatı keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə