Milli Qəhrəmanlara həsr olunmuş filmlərin təqdimat mərasimi keçirilib FOTOLAR

Milli Qəhrəmanlara həsr olunmuş filmlərin təqdimat mərasimi keçirilib FOTOLAR

Nizami Kino Mərkəzində Xocalı faciəsinin 24-cü ildönümü münasibətilə, "Yaddaş" sənədli filmlər studiyasında istehsal edilmiş "Komandir", "Xocalının Zamini", "Pəhləvan komandir" sənədli filmlərinin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, kino xadimləri, ictimaiyyət və media nümayəndələri iştirak edib.

Öncə Xocalı faciəsində şəhid olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev qonaqları salamlayaraq kədərini ifadə edib: "Bu gün xalqımızın tarixinə qanlı hərflərlə yazılmış Xocalı faciəsini yad edirik. Bu faciə dəhşətli məqamları ilə Azərbaycan xalqının başına gələn bütün hadixələri üstələyir. Biz hamımız bu faciənin üzüntüsü ilə yaşayırıq. Düşünürəm ki, Xocalı soyqırımı hər bir azərbaycanlının ürəyində sağalmaz yara açdı. Eyni zamanda, hər birimizin mübarizə əzmini daha da artırdı. Fevralın 26-dan 27-nə keçən gecə 7000 sakini olan kənd ermənilər və dəstəkçiləri ruslar tərəfindən yerlə-yeksan edildi. 600-dən çox insan qurban getdi, 1500-ə yaxın Xocalılı itkin düşdü. Bu faktlar Azərbaycan xalqının yaddaşına həkk olub. Faciə yaşayan xalq hər zaman gücünü daha da səfərbər edib, özünü mübarizə aparmağa hazır hiss edir.

Bu gün Heydər əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə gerçəkləşdirilən "Xocalıya ədalət" kompaniyasının XXI əsrin siyası durumundan asılı olmayaraq, dünyaya həqiqətin yayılmasında danılmaz rolu vardır.

Lakin faciənin insanların ürəyində yaşaması üçün sadəcə siyasi adddımlar atmaq yetərli deyil. Bu faciəyə hər istiqamət, xüsusilə də, yaradıcı sahələr öz prizmalarından yanaşaraq təbliğat funksiyasını yerinə yetirirlər. Bu il biz Mədəniyyət və Turizm Nazirliyi olaraq, "Soyqırımı" abidəsinin arxasında böyük sərgi təşkil etdik. Sərgidə nümayiş olunan hər bir əsərdə faciənin dəhşətləri, insanların ağrı-acısı və gələcəyə ümid təsvir olunub.

Bildiyiniz kimi, "Yaddaş" və "Salnamə" studiyaları tərəfindən bir neçə il müddətində "Azərbaycan Qəhrəmanları" silsiləsinə daxil olan 40-a yaxın film lentə alınıb. İnanıram ki, biz həm də kino dili ilə o anları yaşatmağa, həqiqəti dünyaya çatdırmağa, xalqımızın mübarizə əzmini artırmağa nail olacayıq.

Bu gün belə filmlərdən daha 3-nü seyr edərək həmin günlərə geri dönəcəyik və qəhrəman oğullarımızın vətənpərvərliyinin şahidi olacayıq.

Mən Azərbaycanın müstəqilliyi, bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın ruhu qarşısında baş əyirəm və onları heç vaxt unutmayacağımıza inanıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin!"

"İlk komandir" və "Pəhləvan komandir" filmlərinin rejissoru Nizami Abbas, "Xocalının zamini" filminin rejissoru Zamin Məmmədov, yaradıcı heyətin digər üzvləri və Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxış edərək faciə qurbanlarına Allahdan rəhmət diləyib və Prezident İlham Əliyevin siyasi fəaliyyəti nəticəsində ədalətin bərpa olunacağına inamlarını ifadə ediblər.

Daha sonra üç sənədli filmə baxış keçirilib.

Qeyd edək ki, "İlk komandir" sənədli filmi Milli Qəhrəman Elman Hüseynova, "Xocalının zamini" Füzuli Rüstəmova, "Pəhləvan komandir" isə Əliyar Əliyevə ithaf olunub.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə