Fransız musiqiçi Pier Treqomenin Azərbaycana ilk səfəri çərçivəsində, məşhur fransız markası olan Présidentin əməkdaşlığı ilə fevralın 29-da YARAT Müasir İncəsənət Mərkəzində konsert təşkil olunacaq. SİA-nın verdiyi xəbərə görə, konsert Azərbaycanda Fransız İnstitutu, Fransanın ölkəmizdəki səfirliyi və YARAT Müasir İncəsənət Mərkəzinin birgə təşəbbüsü ilə reallaşacaq. Proqramda muğam, ənənəvi musiqi, caz və müasir musiqilər yer alıb. Hazırlıq mərhələsində olan proqrama Pier Treqomenin, Qoçaq Əsgərovun, kamança ustası Elnur Mikayılovun ifaları daxildir.
Qeyd edək ki, Pier Treqomen fransız caz musiqiçisi və müğənnisidir, lakin çoxlu fərqli musiqi təcrübəsinə malikdir. Daim yeni səslər kəşf etməyə və yeni musiqi aşkar etməyə çalışan müğənni (pop, caz və barok arasında dəyişən son albomu "Shelter" buna nümunədir) bu gün şərq ənənəvi musiqi janrlarının axtarışındadır. Pier Treqomen artıq bir neçə ildir ki, dünya musiqisinə, xüsusilə Pakistan və İranın sufi mahnılarına müraciət edir. O, Azərbaycan muğamlarını da öz təcrübəsinə daxil etməyə çalışır.
Pier Treqomen Azərbaycanda Fransız İnstitutu və Bakıda Fransa səfirliyinə orta və daha uzun müddətə layihə təklif edib. İlk növbədə söhbət muğam və bu musiqi janrının canlı ifaçıları ilə tanışlıqdan gedir. Beləliklə P.Treqomenin ilk səfəri muğamla dərindən tanışlığa və yeni musiqi təcrübəsinin öyrənilməsinə həsr olunub. Məhz bu çərçivədə Pier Treqomen fevral ayının əvvəlindən muğam dünyasının danılmaz simalarından biri olan məşhur və tanınmış ifaçı Qoçaq Əsgərovla işləyir. Onların bədii əməkdaşlığı muğamın öyrənilməsi çərçivəsini aşaraq ortaq real layihələrin həyata keçirilməsinə doğru istiqamət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB