Rusiyada turizm nümayəndəliyinin açılış mərasimi keçiriləcək

Rusiyada turizm nümayəndəliyinin açılış mərasimi keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycanın turizm imkanlarının Rusiyada tanıdılması, təbliğat və təşviqat kampaniyasının aparılması məqsədilə Azərbaycanın Rusiyada turizm nümayəndəliyi fəaliyyətə başlayacaq. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi ilə Moskva şəhərində fəaliyyət göstərən "Tur A Vent" şirkəti arasında müqavilə imzalanıb.

Müqaviləyə uyğun olaraq, şirkət tərəfindən 2017-ci ilin fevralına qədər Marketinq planı hazırlanıb və nazirlik tərəfindən təsdiq edilib.

Bu nümayəndəliyin fəaliyyəti nəticəsində Azərbaycanın turizminin marketinq strategiyasına uyğun olaraq, prioritet ölkələrdən hesab olunan Rusiyada təbliğat işinin gücləndirilməsi olduqca vacibdir və nümayəndəliyin əsas fəaliyyəti bundan ibarət olacaq.

Fevralın 24-də Moskva şəhərində turizm nümayəndəliyinin rəsmi açılışı ilə bağlı tədbir keçiriləcək. Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi nümayəndə heyəti ilə yanaşı, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyada yaşayan Azərbaycan diasporunun fəalları, Azərbaycan və Rusiya turizm şirkətləri və mehmanxanalarının, həmçinin, hər iki ölkənin KİV nümayəndələrinin iştirakı planlaşdırılır.

Tədbirdə Azərbaycanın qış turizmi, sağlamlıq turizmi, mətbəx turizmi, mədəni turizm, ovçuluq turizmi və s. turizm növlərinin təqdimatı keçiriləcək.

Qeyd edək ki, artıq bir neçə ildir ki, BƏƏ-də və Almaniyada Azərbaycanın turizm nümayəndəliyi fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə