BMT-nin 7-ci Qlobal Forumuna hazırlıq işləri görülür

BMT-nin 7-ci Qlobal Forumuna hazırlıq işləri görülür

BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu 25-27 apreldə Bakıda keçiriləcək. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, 2014-cü il sentyabrın 26-da Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Azərbaycan Respublikasının paytaxtında keçirilməsi barədə qərar qəbul edilib.

Forumun ölkəmizdə keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2015-ci ilin 24 iyul tarixində sərəncam imzalamış və Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev təyin edilib.

"İnkluziv cəmiyyətlərdə birgəyaşama; Çağırış və məqsəd" şüarı altında keçiriləcək Forum çərçivəsində 40-dan çox tədbirin keçirilməsi nəzərdə tutulur. Dövlət və hökumət başçıları, yüksək səviyyəli dövlət xadimləri, nazirlər, nüfuzlu beynəlxalq qurumların rəhbərləri, dünyada tanınmış beyin mərkəzlərinin rəhbərləri, diplomatlar, elm adamlardan təqribən 3000 nəfərdən çox şəxsin qatılacağı Forumda ekstermizmə və terrora qarşı mübarizə, qlobal miqrasiya, qlobal vətəndaşılıq, nifrət nitqinin yayılmaması, təhsil, din, idman və gənclərin rolu, Bakı prosesi, inkluziv cəmiyyətlərin qurulması, multikulturalizm və digər məsələlərin müzakirəsi planlaşdırılır. Açılış mərasimindən avvəlki gündə-25 aprel tarixində Gənclər Forumu və Biznes simpuziumun keçirilməsi planlaşdırılır və əsas proqramla yanaşı Forum günlərində BMT Sivilizasiya Alyansının tərəfdaşlarının 15-dən çox sessiyaları baş tutacaq.

2015-ci ilin 27 avqust tarixində keçirilmiş Təşkilat Komitəsinin 1-ci iclasında tədbirə hazırlıqla bağlı dövlət qurumlarının vəzifələri müzakirə edilib.

2015-ci ilin 8-12 sentyabr tarixlərində BMT-nin Sivilizasiyalar Alyansının nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Nümayəndə heyəti ilə keçirilmiş görüşdə Foruma hazırlıqla bağlı təşkilati məsələlər, o cümlədən, Forumun sessiyaları, iştirakçıların tərkibi, dövlət və hökumət başçıları, nazirlərin dəvət olunması, gənclər təşkilatlarının Foruma qatılması, tədbirin TV və internet vasitəsilə yayımlanması, Azərbaycanla BMTSA arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Səfər çərçivəsində nümayəndə həyəti Azərbaycan Respublikasının Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzində görüşlər keçirib.

2015-ci ilin 1 oktyabr tarixində BMT Baş Assambleyası çərçivəsində keçirilmiş BMT Sivilizasiyalar Alyansının Nazirlər Şurasının iclasında BMT-nin Baş Katibi Ban Ki Moon və digər yüksək səviyyəli rəsmilərin iştirakı ilə Forumun və ölkəmizin təqdimatı keçirilib. İclasda həm BMT rəhbərliyi həm də üzv ölkələrin rəsmiləri tərəfindən tədbirə ev sahibliyi edəcəyinə görə Azərbaycan hökumətinə təşəkkür edilib.

2015-ci ilin 24 oktyabr tarixində Böyük Britaniyanın London şəhərində BMT Sivilizasiyalar Alyansı üzrə ali nümayəndə Nassir Əbdüləziz əl Nasser ilə görüş keçirilmiş və görüş çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forumun 2016-cı il 25-27 aprel tarixində Bakı şəhərində keçirilməsinə dair Saziş" imzalanıb. Görüşdə ali nümayəndə BMT Sivilizasiyalar Alyansına, ümumiyyətlə dünyada mədəniyyətlərarası dialoqa dəstəyə və töhfələrinizə görə sizə öz dərin təşəkkürünü bildirib, 25-27 aprel 2016-cı il tarixində Bakı şəhərində keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna təşkilatın ən yüksək səviyyədə hazırlaşdığını qeyd etmişdir. Sözügedəns saziş Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilib.

2016-cı ilin 15 yanvar tarixində BMT Baş Qərargahında BMT Sivilizasiyalar Alyansı üzrə milli əlaqələndiricilərin "İnamın yaradılması: zorakı ekstremizmin qarşısının alınması istiqamətində əlaqələr" mövzusunda keçirilmiş toplantısında Forumun rəsmi internet səhifəsinin, təşkilatı məsələlərin vəziyyəti təqdim edilmiş və Azərbaycan haqqında film nümayiş etdirilib. Təşkilat Komitəsi tərəfindən BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Nasser Abduləziz əl Nassir və katibliyin nümayəndələri ilə görüşlər keçirilib. BMT-nin Ali nümayəndəsi Nassir Abdulaziz Al Nasser BMT Sivilizasiyalar Alyansına maliyyə yardımına, həmçinin, beynəlxalq səviyyədə dialoq və əməkdaşlığa töhfələrinə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkürünü bildirib.

Forumun Tədbirlər planının müzakirə edilməsi məqsədilə cari ilin 27 yanvar tarixində Təşkilat Komitəsinin 2-ci iclası keçirilib. İclasının yekunu olaraq BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirilməsinə dair Tədbirlər Planını hazırlanıb. Tədbirlər Planı 18 Fevral 2016-cı iltarixində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri tərəfindən təsdiq edilərək aiddyəti dovlət qurumlarına göndərilib. Azərbaycan Televiziyası (AzTV) və Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Forumun rəsmi media tərəfdaşlarıdır.

Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının nümayəndə heyəti 21-27 Fevral tarixində Bakıya səfərə gəliblər. BMT Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin kabinet rəhbəri və ali nümayəndənin sözçüsü Nihal Saadın rəhbərliyi ilə 13 nəfərlik nümayəndə heyəti bir həftə müddətində paytaxtımızda olacaq.

Səfər çərçivəsində BMT Nümayəndə heyəti tərəfindən Forumun keçiriləcəyi məkanlar olan Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzinə baxış keçirilmiş, Forumun Təşkilat Komitəsinin iclasında iştirak edilmiş, Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyində görüşlərin keçirilməsi, habelə Bakı Dövlət Universitetində və ADA Universitetində təqdimatlarla çıxış etməsi planlaşdırılır.

Qeyd edək ki, forum haqqında bütün yeni məlumatları mütəmadi olaraq http://baku.unaoc.org/ saytından əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə