“Virtual proqramının inkişaf etdirilməsi” ilə bağlı treninq keçirilib

“Virtual proqramının inkişaf etdirilməsi” ilə bağlı treninq keçirilib

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Virtual proqramının inkişaf etdirilməsi" mövzusunda beynəlxalq treninq təşkil olunub. Kitabxanadan SİA-ya verilən xəbərə görə, treninqdə iştirak edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov əməkdaşlara fəal olmağı arzulayıb.

Treninq "Innovative Interfaces Global Ltd" şirkətinin əməkdaşı Yana İlavska tərəfindən aparılıb. Treninqdə şirkətin məhsulu olan Virtua avtomatlaşmış kitabxana sistemində mövcud olan yeniliklər, digər modullarının işə salınması, kitab verilişi, oxucu qeydiyyatı, axtarış sistemlərinin təkmilləşdirilməsi, avtoritet faylların, filtrlərin qaydaya salınması və s. məsələlər haqqında müzakirələr aparılıb.

Elektron kitabxananın təkmilləşdirilməsi, ondan istifadə, axtarış sistemlərinin yaradılması və inkişaf etdirilməsi isə treninqdə müzakirə olunan digər məsələlərdəndir. Elektron kitabxanadan istifadə olunmasında qarşıya çıxan ən böyük problemlərdən biri "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanunun şərtlərinə əməl olunmasıdır. Bu məqsədlə xüsusi proqramın işlənib hazırlanması məsələləri müzakirə olunur. Tətbiq olunacaq bu proqramda müəlliflik hüququ qorunmaq şərti ilə elektron sənədlərin ümumistifadəyə açıq olması təmin olunacaq, lakin elektron resursların surətinin çıxarılmasına, köçürülməsinə, tirajlanmasına qadağalar qoyulacaq. Bununla da çoxsaylı oxucuların narazılıqlarına son qoyulacaq, Milli Kitabxananın elektron kitabxanasından istifadə imkanları genişlənəcək.

Qeyd edək ki, treninqin iki gün davam etməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə