Naziri Sumqayıtda vətəndaşlarla görüşüb FOTOLAR

Naziri Sumqayıtda vətəndaşlarla görüşüb FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri hər ay şəhər və rayonlarda əhali ilə görüşlər keçirirlər. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Sumqayıt şəhərinin Tarix Muzeyində Sumqayıt şəhərindən və Abşeron, Xızı, Qubadlı, Şuşa, Zəngilan rayonlarından vətəndaşları qəbul edib.

Görüşdən öncə nazir Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib. Əbülfəs Qarayev daha sonra Sumqayıt Şəhərinin Tarixi Muzeyinin ekspozisiyası ilə tanış olub.

Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanları və digər məsələlərlə bağlı müraciətlər edilib.

Sumqayıt şəhərindən qəbula yazılan vətəndaşlar tərəfindən "Multikulturalizm ili" çərçivəsində şəhərdə ölkəmizin azsaylı xalqlarının incəsənət festivalının keçirilməsi, mədəniyyət müəssisləri işçiləri, tətbiqi sənət ustaları və özfəaliyyət kollektivlərinin respublika səviyyəli festivallarda, treninqlərdə iştirakının təmin olunması, "Kimyaçılar" mədəniyyət sarayının şəhər Mədəniyyət və Turizm İdarəsinin balansına verilməsi, habelə fəxri adlara təqdimat, işlə təmin olunma barədə xahişlər edilib. Bundan əlavə, kitaba marağın və mütaliənin təşviqi məqsədilə ölkəmizdə ilk buktreyler (kitabların video-çarx və filmlər vasitəsilə təbliği) festivalının keçirilməsi barədə təklif də səslənib. Həmçinin, şəhərdəki uşaq incəsənət məktəbində eksperimental siniflərin açılması, 1988-ci il hadisələrinə dair dövrü mətbuat məqalələri əsasında Sumqayıt MKS-nin əməkdaşlarının hazırladıqları elektron toplunun çap olunması barədə müraciətlər olub.

Abşeron rayonu sakinləri zəngin tarixə malik Abşeron xalçalarının təbliğinə, Qobu qəsəbəsində xalça sexinin fəaliyyətinə yardım edilməsi, Novxanı kəndindəki XII əsrə aid "Şah Sultan Hüseyn" məscidinin bərpası və ətrafında arxeoloji qazıntının aparılmasına köməklik göstərilməsi barədə xahiş ediblər.

Xızı rayonundan qəbula gələnlərin müraciəti rayonda ümumrespublika "Oxu, tar" müsabiqəsinin keçirilməsi, turizmin inkişafına dəstək verilməsi olub.

Şuşa, Zəngilan və Qubadlı rayonundan qəbula yazılan vətəndaşlar da müxtəlif məsələlərlə bağlı nazirə müraciət ediblər. Vaxtilə Şuşa şəhərində olmuş Üzeyir Hacıbəylinin ev-muzeyi haqqında bukletlərin hazırlanmasına, Şuşa MKS-nin fəaliyyətinin yaxşılaşdırılmasına, mədəniyyət müəssisələri rəhbərləri üçün marketinq üzrə seminarların keçirilməsinə köməklik göstərilməsi, Qubadlı rayon MKS-nin uşaq şöbəsinin fəaliyyətinin bərpa olunması xahiş edilib.

Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.

Nazir jurnalistlərə müsahibəsində bildirib ki, ölkə başçısının tapşırığına əsasən, yerlərdə təşkil olunan bu görüşlər bir çox məsələlərin operativ həlli baxımdan çox vacibdir. Eyni zamanda bu görüşlər zamanı vətəndaşlar tərəfindən maraqlı təkliflər, təşəbbüslər irəli sürülür: "Bu gün də bir sıra maraqlı təkliflər oldu. Xızı rayonunda "Oxu, tar" müsabiqəsinin keçirilməsi, milli musiqimizlə klassik musiqilərin qarşılıqlı inkişafı üçün eksperimental siniflərin yaradılması, kitaba marağın təbliğ olunması ilə bağlı buktreyler festivalının keçirilməsi kimi təklifləri qeyd edə bilərəm".

Görüşdə bir sıra aktual məsələlərin qaldırıldığını deyən nazir mədəniyyət abidələrinin qorunması və bərpası, muzeylərdə yeni ekspozisiyaların yaradılması, eləcə də regionların turizm imkanlarının təbliğinə dair təkliflərin də nəzərdən keçiriləcəyini bildirib, vətəndaşların təşəbbüskarlığını yüksək qiymətləndirib.

Qəbuldan sonra Əbülfəs Qarayev mədəniyyət müəssisələrinin işçilərinin iştirakı ilə iclas keçirib. İclasda mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da gücləndirilməsi üçün aparılan işlərdən və qarşıda duran vəzifələrdən danışılıb.

Qeyd edək ki, daha sonra nazir Sumqayıt şəhərində yerləşən bir sıra mədəniyyət müəssisələrinə baş çəkib, onların fəaliyyəti tanış olub, tapşırıq və tövsiyələr verib.

Bütün xəbərlər Facebook səhifəmizdə