Belçika Krallığının Vaterlo şəhərində Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi baş tutub. SİA-nın verdiyi xəbərə görə, şairənin şərəfinə ucaldılmış heykəl xalq rəssamı Tahir Salahovun rəhbərliyi ilə heykəltəraş İmran Mehdiyev tərəfindən hazırlanıb.
Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən mərasimin açılışını Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov edib. O, qeyd edib ki, XIX əsrdə yaşamış Xurşidbanu Natəvanın şeirlərinin əsas mövzusu humanizm, xeyirxahlıq, dostluq və sevgi olub. Vaterloda Azərbaycan şairəsi və mütəfəkkiri Xurşudbanu Natəvanın heykəlinin açılışını etmək rəmzi bir hadisədir. Bu əlamətdar hadisə Azərbaycanla Belçika arasında humanitar əlaqələrdə yeni bir səhifədir. Səfir çıxışında həmçinin, layihənin reallaşmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyinin olduğunu vurğulayıb.
Azərbaycanla əməkdaşlıqdan məmnun olduğunu bildirən Vaterlo şəhərinin meri Floran Röter şəhərdə Xurşidbanu Natavanın abidəsinin ucaldılmasını yüksək qiymətləndirib.
Bildirilib ki, Xurşidbanu Natəvanın heykəlinin Avropanın tarixində xüsusi rol oynamış, hazırda Belçikanın turizm şəhərlərindən olan Vaterlo şəhər parkında qoyulması Azərbaycan tarixi və mədəniyyətinin dünyada tanıdılması baxımından əhəmiyyətlidir. Şuşada anadan olan Xurşidbanu Natəvanın Belçikada ucaldılmış heykəli, həmçinin Qarabağ xanlığının tarixini özündə təcəssüm etdirir. Heykəlin postamentində "Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan" sözləri yazılıb.
Qeyd edək ki, üzərində Qarabağla bağlı qeydi əks etdirən abidənin Belçikada ucaldılması Azərbaycan həqiqətlərinin yaşadılması və dünyada tanıdılması istiqamətində aparılan işlərə bir töhfədir.










Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB