Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivinə Yaponiyadan "ELP Laser LT Master" adlı avadanlıq gətirilib. Milli Arxiv İdarəsindən SİA-ya verilən xəbərə görə, idarənin maliyyə dəstəyi ilə alınan, Azərbaycanda analoqu olmayan qeyri-adi, arxiv üçün çox vacib olan bu cihaz arxivin əməkdaşları tərəfindən quraşdırılıb və işlənmə mexanizmi öyrənilib.
Cihazla arxiv üçün mühüm olan qrammofon vallarının köçürülməsi, səsin bərpa edilməsi və elektron formata salınması mümkündür.
Arxivin fondlarında 1902–1940-cı illərdə Avropanın müxtəlif səsyazma studiyalarında yazılmış 3 mindən artıq nadir qrammofon valları qorunub saxlanılır. Bunların 1500-ə qədəri 1902–1914-cü illərdə səsləri yazılmış Azərbaycanın məşhur muğam ustalarının vallarıdır. O dövrün səsyazma avadanlıqlarının primitiv olması nəzərə alınsa, görmək olar ki, qiymətli və çox dəyərli vallar texniki cəhətdən qüsurludur. Lakin bu xüsusi təmizləyici və bərpaedici proqram təminatından sonra həmin valların yüksək keyfiyyətlə rəqəmsallaşdırılaraq elektron formata salınması mümkün olacaq.
Qeyd edək ki, həmin cihazın özəlliyi ondan ibarətdir ki, hər hansı qrammofon valını səsləndirərkən heç bir iynədən istifadə edilmədən ən müasir üsul olan lazer vasitəsilə oxudulur və üzü köçürülür. Heç şübhəsiz ki, bu üsul səsin keyfiyyətini xeyli dərəcədə yaxşılaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB