Bu gün Azərbaycanın xalq şairi, dramaturq, ədəbiyyatşünas, əməkdar incəsənət xadimi Bəxtiyar Vahabzadənin ölümünün yeddinci il dönümüdür. SİA-nın verdiyi xəbərə görə, Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olub. Kiçik yaşlarında ikən ailəsi ilə Bakıya köçüb. Burada orta məktəbi qurtarandan sonra ADU-nun Filologiya fakültəsində təhsil alıb. Universitetin aspiranturasında saxlanılılb, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
.jpg)
Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şerini çap etdirdikdən sonra başlayıb. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapıb. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərib.
.jpg)
Bəxtiyar Vahabzadə "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışıb (1950-1990). O, 1990-cı ildə təqaüdə çıxıb.
Xalq şairi Azərbaycan MEA-nın müxbir üzvü (1980), sonra həqiqi üzvü (2000) seçilib. O, həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqallar Şurasının üzvü idi (1991). Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan KP Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə, X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilib. 1976-cı ildə "Leninlə söhbət" və "Muğam" poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb. "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" (1995) ordenləri ilə təltif olunub.
.jpg)
Bəxtiyar Vahabzadə 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub.
.jpg)
Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə edib, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirib. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, sovet ittifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirib.
.jpg)
Yazıçı 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Onun əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən, ingilis, fransız, alman, fars, türk, polyak, ispan,macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilib.
İctimai xadim 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan MEA-nın həqiqi üzvü (2000) olub. Azərbaycan Dövlət mükafatı laureatı, SSRİ Dövlət mükafatı laureatı (1984), M.F.Axundov adına ədəbi mükafatın laureatı (1988), "İstiqlal" ordeni ilə təltif olunub.

Qeyd edək ki, Bəxtiyar Vahabzadə 2009-cu il fevralın 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib. Mərhum birinci Fəxri xiyabanda dəfn olunub.
.jpg)
"Axı dünya fırlanır"
Vaxtın dəyirmanında daş əridi, qum oldu,
Tarixə atdığımız qayıtdı, lüzum oldu.
Dünənin həqiqəti bu gün tərs yozum oldu,
Niyə də yozulmasın, axı, dünya fırlanır.
Çox ovlaqlar içində çox ovları ovladım,
Aşıb-daşan arzumu mən artıq cilovladım.
Mən atamı ötmüşəm, məni ötür övladım,
Bu, belə də olmalı, axı, dünya fırlanır.
Dünən düz sandığımı bu gün əyri sanıram.
Bəzən olur, özümdən özüm oğurlanıram.
Hər il başqa arzunun başına fırlanıram,
Niyə də fırlanmayım, axı, dünya fırlanır...
Çox əyilən görmüşəm, əyilməyən başları.
Sular duruldu, gördük dibindəki daşları
Ünvanmı dəyişdi dünənin alqışları;
Niyə də dəyişməsin, axı, dünya fırlanır...
Necə dönür bu dövran, necə dönür bu gərdiş,
Tazıların üstünə dovşanlar da gülərmiş.
Dünya bina olandan hər şey dəyişilərmiş,
Dəyişməsin neyləsin, axı, dünya fırlanır.
Əbədini dünyada mən əbədi sanmadım,
Bir atəşə tutuşdum, min atəşə yanmadım,
Bütlər gəldi və getdi, birinə inanmadım
Niyə inanmalıyam, axı, dünya fırlanır.
Fırlandıqca bu dünya, yox da dönüb var olur,
Quruyan çeşmələrdən sular yenə car olur.
Bu dünyanın xeyri də, şəri də təkrar olur,
Niyə təkrar olmasın? Axı, dünya fırlanır.
Min-min illər bu dünya beləcə fırlansa da,
Bir yuvanın bülbülü min budağa qonsa da,
Aylar, illər, fəsillər bir-birini dansa da,
Dəyişməzdir əqidəm, çox da dünya fırlanır.
Nə qədər istəyirsə, min o qədər fırlana,
Qarşıma gah şər çıxa, gah xeyir dığırlana.
Çərxi-fələk istəyir lap dolana tərsinə,
Əqidəmi heç nəyə dəyişmərəm mən yenə.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB