ATMU-nun 10 illiyi qeyd olunub FOTOLAR

Azərbaycan Turizm və Menecment Universitetinin fəaliyyətə başlamasının 10 illiyi münasibəti ilə yubiley tədbiri keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, nazir müavinləri Nazim Məmmədov, Sevda Məmmədəliyeva, Vaqif Əliyev, nazirliyin Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş söz ilə açan ATMU-nun rektoru professor Cəfər Cəfərov təhsil ocağı haqqında məlumat verib: "Təhsil ocağının Azərbaycan Turizm İnstutu olaraq yaradılmasının 10, universitetə çevrilməsinin isə 1 illiyini qeyd edirik. Bu gün yubiley tədbirlərinə yekun vuran Elmi Şuranın geniş iclasında keçən dövrə bir daha qısa nəzər salmaqla, ATMU-nun qarşısında duran əsas vəzifələr haqqında məlumat vermək istərdim. Azərbaycan Turizm İnstitu 15 sentyabr 2006-cı il tarixində 200 tələbə, 1 fakultə və 3 ixtisasla tədris fəaliyyətinə başlayıb. Məhdud imkanlarla 2 ay ərzində ATİ-ni tələbələrin ixtiyarına verməyə nail olduq. Hazırda 3 fakultə, 10 kafedrada 11 ixtisas üzrə bakalavriatura səviyyəsində 1747 nəfər, magistraturada 107 nəfər, doktoranturada 61 nəfər və ilk peşə-ixtisas təhsili üzrə Bakı Turizm Peşə Məktəbində 12 ixtisas üzrə 440 nəfər təhsil alır. Beləliklə, bu gün ATMU ailəsində ümumilikdə 2355 gənc turizm sahəsi üçün müxtəlif səviyyəli mütəxəssis kimi hazırlanmaqdadır.

Bu günədək ATMU-dan 1296 bakalavr və 70 magistr olmaqla cəmi 1366 nəfər məzun olub, onlardan 124 nəfəri ölkənin təhsil tarixində ilk dəfə olaraq ATMU ilə yanaşı, Avstriyanın İMC Tətbiqi Elmlər Universitetinin diplomunu alıb. Hazırda isə 113 tələbə bu proqram üzrə təhsilini davam etdirir. Məzunların əksəriyyəti ölkənin nüfuzlu turizm müəssisələrində, həmçinin dünyanın müxtəlif ölkələrində çalışır, təhsil alır və Azərbaycanı uğurla təmsil edirlər.

ATMU Boloniya prosesinin tələbələrini həyata keçirən ilk təhsil müəssisələrindən biri olub. Tədrisin bu prinsiplər əsasında təşkili Avropa universitetləri ilə sərbəst əməkdaşlığa şərait yaradıb, ATMU Erasmus Mundos proqramına qoşulmuş və İMC Tətbiqi Elmlər Universiteti ilə bakalavriat və magistratura səviyyələrində ikili diplom proqramlarını uğurla həyata keçirməyə başlayıb.

"Tədris –təlim-təcrübə-tədqiqat" modelinə üstünlük verən ATMU keçən 10 il ərzində 30 xarici ali məktəb, 34 beynəlxalq təşkilat və şəbəkə ilə əlaqələr qurmuş, müvafiq müqavilər imzalanıb.

ATMU tələbələrinin öz nəzəri biliklərini 20 həftəlik istehsalat təcrübəsində möhkəmləndirmək imkanına da sahibdir. Tələbələrimizin bir qismi Türkiyə, İsrail, Şimali Kipr Türk Cümhuriyyəti, Almaniya, Yunanıstan və s. ölkələrdə yay tanışlıq və istehsalat təcrübəsi keçirlər. Həmçinin hər il yüzlərlə tələbəmiz ölkədə fəaliyyət göstərən nüfuzlu şirkətlərdə və otellərdə təcrübə proqramlarını icra edirlər.

Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Formunda könüllü olacaq 550 gəncdən 100 nəfərinin Azərbaycan Turizm və Menecment Universitetindən olması bizə olan ehtimadın və tələbələrimizin bacarıqlarına verilən yüksək qiymətin təzahürüdür".

Sonra tədbirdə çıxış edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev ATMU-nun uğurlarından söz açıb:"Ötən ili nəzərdən keçirdikdə biz gələcəyə kifayət qədər nikbinliklə baxırıq. Çünki Azərbaycanda turizm sənayesinin inkişaf etdirilməsi dövlətin prioritet istiqamətlərindən birinə çevrilib. Ölkədə həyata keçirilən infrastruktur layihələri elə bir səviyyədədir ki, onları dayandırmaq mümkün deyil və bunların həyata keçirilməsi istər-istəməz turizmin inkişafını labüd edir. Azərbaycanda ilk dəfə olaraq, ATMU-nun tələbələri beynəlxalq layihə çərçivəsində ikili diplom alıblar. Bu, qabaqcıl bir təcrübədir. İnsanlar bu gün Azərbaycan təhsil sisteminə baxarkən ATMU-nun həyata keçirdiyi işlərin nəticəsində konkret nümunələr görürlər. Bu universitetdə tədris yüksək səviyyədə qurulub. Mədəniyyət və Turizm Nazirliyinin 10 illik fəaliyyəti müddətində fəxr etdiyim məqamlardan biri də məhz, Turizm və Menecment Universitetinin belə nümunəvi fəaliyyətidir. Dünya miqyasında ölkəmizi təmsil edən gənclər arasında bu universitetin tələbələrinin də olması təqdirə layiq haldır. Bu gənclər nəyinki beynəlxalq təcrübəyə yiyələnirlər, həmçinin, bunu başqa ölkələrdə tətbiq etməyi də bacarırlar. ATMU-nun məzunları ölkədə keçirilən irimiyaslı tədbirlərdə hər zaman birincidirlər. Bu tələbələr ölkə əhəmiyyətli beynəlxalq layihələrdə könüllü kimi öz xidmətlərini əsirgəmirlər. Dünya turizm bazarında öz yerimizi tapmaqda görülən işlərin nəticəsi bizi çox sevindirir. Azərbaycan Turizm sənayesi bütün peşəkarlığı ilə yanaşı ilk növbədə, insan faktorunun formalaşmasına xidmət edir. Düşünürəm ki, bu gün turizm sənayesində uğurla çalışan universitet məzunları vətənpərvərlik hisslərinin təmsil olunmasında böyük işlərə nail olurlar. Bütün bunlar Prezident İlham Əliyevin turizm sektoruna göstərdiyi diqqət və qayğının nəticəsidir. Fürsətdən istifadə edib, belə uğurlu gənclərin yetişməsində danılmaz rolu olan müəllimlərə də təşəkkür edirəm".

Daha sonra Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev 10 ildə göstərdiyi nümunəvi fəaliyyətə görə ATMU-nun müəllim heyətini fəxri fərmanlarla təltif edib.

Qeyd edək ki, tədbirin sonunda Əbülfəs Qarayev, nazirliyin nümayəndələri və ATMU-nun rektoru Cəfər Cəfərov ad günü ilə əlaqədar hazırlanmış tortu kəsib.

Fotolar müəllifə məxsusdur:

Bütün xəbərlər Facebook səhifəmizdə