Beynəlxalq müsabiqədə ölkəmiz təmsil olunur

Beynəlxalq müsabiqədə ölkəmiz təmsil olunur

Fevralın 11-13-də İtaliyanın Milan şəhərində keçirilən "BİT 2016" beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, yerli turizm şirkətləri və mehmanxanalar iştirak edir. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, adıçəkilən sərgidə Mədəniyyət və Turizm Nazirliyini Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun böyük məsləhətçisi Cavid Abdullayev təmsil edir.

Adıçəkilən sərgidə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 32 kv.m sahə icarəyə götürülmüş və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.

2007-ci ildən başlayaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq dördüncü dəfədir ki, "BİT" beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin, bu il adıçəkilən tədbirdə ölkəmiz ilə yanaşı, 52 ölkədən 600-ə yaxın şirkət təmsil olunur.

Qeyd etmək ki, ötən il ərzində İtaliyadan ölkəmizə 10 000 nəfərdən çox turist səfər edib.

Bütün xəbərlər Facebook səhifəmizdə