MTN ilə THY arasında əməkdaşlıq imkanları müzakirə olunub FOTOLAR

MTN ilə THY arasında əməkdaşlıq imkanları müzakirə olunub FOTOLAR

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Türk Hava Yolları aviaşirkəti arasında əməkdaşlıq imkanlarının müzakirəsinə dair görüş keçirilib. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədov və Türk Hava Yolları aviaşirkətinin Bakıdakı ofisinin rəhbəri Seyfullah İlyasın rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.

Görüş zamanı Nazim Səmədov ölkəmizin turizm potensialının xarici ölkələrdə tanıdılması və Azərbaycana daha çox turistlərin cəlb olunması məqsədilə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan tədbirlər barədə məlumat verib. Qeyd edilib ki, Mədəniyyət və Turizm Nazirliyi milli turizm sənayesinin nümayəndələri ilə birgə müxtəlif beynəlxalq turizm sərgilərində iştirak edir, B2B formatında tədbirləri, xarici ölkələrin turizm operatorları və KİV nümayəndələri üçün infoturları təşkil edir, xarici populyar televiziya kanallarında reklam yerləşdirir və digər təbliğat xarakterli layihələri həyata keçirir. Bununla yanaşı, təbliğat və marketinq sahəsində Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizə beynəlxalq uçuşları həyata keçirən aviaşirkətlər arasında əməkdaşlığın vacibliyini vurğulayıb. Bununla əlaqədar, N. Səmədov Nazirlik və milli hava daşıyıcısı olan AZAL aviaşirkəti arasında qurulmuş əməkdaşlığı xüsusi qeyd edib. Bu əməkdaşlıq çərçivəsində qeyd olunan qurumlar AZAL tərəfindən uçuşları həyata keçirilən ölkələrdən turistlərin cəlb olunması məqsədilə təşkil olunan müvafiq təbliğat xarakterli tədbirləri birgə təşkil edirlər.

O, həmçinin, Türk Hava Yolları aviaşirkəti tərəfindən Azərbaycana səfər edənlərin sayının artırılması məqsədilə, görülən işlər barədə məlumat verərək, aviaşirkət tərəfindən 2016-cı il üçün bir sıra infotur və digər təbliğat xarakterli tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyinin iştirakının əhəmiyyətli ola biləcəyini qeyd edib.

Qeyd edək ki, sonda Mədəniyyət və Turizm Nazirliyi və Türk Hava Yolları aviaşirkəti arasında əməkdaşlıq haqqında çərçivə sənədinin hazırlanması barədə razılığa gəlinib.

Bütün xəbərlər Facebook səhifəmizdə