Polşada “Transformasiya – Azərbaycan” adlı məqalə dərc olunub

Polşada “Transformasiya – Azərbaycan” adlı məqalə dərc olunub

Polşada nəşr olunan "4x4 Off-road pl" jurnalının fevral sayının "Sərgüzəşt" bölməsində "Transformasiya – Azərbaycan" adlı məqalə dərc olunub. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, məqalənin müəllifi Mariuş Reveda, fotoların müəllifi isə İvona Kozlovyetsdirlər.

Cənubi Qafqaza iki həftəlik səyahət edən Mariuş Reveda fürsətdən istifadə edərək 7 il bundan əvvəl olduğu Azərbaycana 3 günlük səfər edib. 7 il bundan əvvəl gördüyü Azərbaycanla bugünki Azərbaycanı müqayisə edən müəllif ölkədə böyük dəyişikliklər olduğunu məqalədə dönə-dönə vurğulayıb.

Müəllif məqaləni qeyd olunan fraqmentlə başlayıb: "Bu ölkədə çox şey dəyişmişdir. Qərb avtomobilləri şəhərdə çoxluq təşkil edir. Yollar yaxşılaşmış, şəhər isə həqiqətən də çox səliqəli görünür. Azərbaycan məni tez-tez təəccübləndirir. Bu sözün müsbət mənasında belədir".

Məqalədə Bakını Moskva, İstanbul, Astana kimi şəhərlərdə müqayisə edən və Bakının qeyd olunan şəhərlərdən fərqli olaraq, son illər ərzində daha çox inkişaf etdiyini vurğulayan məqalə müəllifi bildirib ki, Bakını Asiyada yerləşən, İslam ölkəsi olan, tozlu və çirkli keçmiş Sovet Respublikası paytaxtlarından biri kimi xatırlayır. Lakin bu dəfə gördükləri onu çox təəccübləndirib.

Müəllif qeyd edib ki, İçəri Şəhərin bərpası, ictimai parkların geniş ərazisi, turistik məlumatların keyfiyyəti, şəhər və ictimai nəqliyyat vasitələrinin hərəkətinin təşkili, küçələrin təmizliyi, həmçinin piyadaların mədəniyyəti yüksək səviyyədədir. Asiyada azərbaycanlılar bir Avropa şəhəri yaradıblar.

Avropa üslubunda bərpa olunan Bakının İçəri Şəhərinin hal-hazırda böyük şirkətlərin və bir çox şəxslərin qərargah və iqamətgahlarının yerləşdiyi bir məkan olduğunu vurğulayan müəllif burada artıq toz və dumanın olmadığını bildirib. O, Bakının İçəri Şəhərini Fransa və Almaniyanın qədim şəhərləri ilə bir tutub.

Məqalədə həmçinin, Xınalıq kəndinə səfərdən də söhbət açan Mariuş Reveda Xınalığa gedən yoldan, turistlər üçün maraqlı tarixi və mədəniyyət obyektlərindən, muzey və eksponatlarından yazıb.

Qeyd edək ki, məqaləyə eyni zamanda, Azərbaycana 3 günlük səfəri əhatə edən çox sayda fotolar da əlavə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə