Beynəlxalq Multikulturalizm qış məktəbinin rəsmi açılışı olub

Qış Məktəbi fevralın 15-dək davam edəcək
Beynəlxalq Multikulturalizm qış məktəbinin rəsmi açılışı olub

Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016" adlı Beynəlxalq Multikulturalizm qış məktəbi fəaliyyətə başlayıb. SİA xəbər verir Beynəlxalq Multikulturalizm qış məktəbinə Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Yaponiya və Almaniyanın ali təhsil ocaqlarından 43 nəfər, Azərbaycan universitetlərindən 12 nəfər olmaqla, bütövlükdə 55 nəfər tələbə, eləcə də yerli xə xarici mütəxəssislər qatılıb. Qış məktəbinin ilk günü iştirakçılar Şəhidlər Xiyabanını və Fəxri Xiyabanı ziyarət ediblər. Qış məktəbinin rəsmi açılış mərasimi Bakı Slavyan Universitetində (BSU) gerçəkləşib.

Mərasimi universitetin rektoru, professor Asif Hacıyev açaraq qış məktəbinin iştirakçılarını və qonaqları salamlayıb. O bildirib ki, bu tədbirin ölkəmizdə keçirilməsi heç də təsadüfi deyil: "Cənab Prezident 2016-cı ili "Multikulturalizm ili" elan edib. Azərbaycanda multikulturalizm həm həyat tərzi, həm də dövlət siyasətidir. Ölkəmizdə yaşayan xalqlar bərabərhüquqa sahib tolerantlıq mühitində yaşayırlar".

Daha sonra 2015-ci ildə Azərbaycanda təşkil edilən Beynəlxalq Multikulturalizm yay məktəbinin iştirakçıları öz xatirələrini və təəssüratlarını bölüşüblər. Eyni zamanda həmin məktəblə bağlı video-çarx təqdim olunub.

Açılış mərasimindən sonra qış məktəbinin tələbələri BSU-nun muzeyi və "Azərbaycan multikulturalizmi" kafedrası ilə tanış olublar. Tələbələrə adıçəkilən muzeyin və kafedranın yaradılması, fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib. Sonra tələbələr BSU-nun müxtəlif ölkələrin mədəniyyətini, tarixini, dilini təqdim edən mərkəzlərlə tanış olublar.

Günün ikinci yarısında qış məktəbinin iştirakçıları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) görüşü təşkil edilib. Görüşdə BBMM-in icraçı direktoru, professor Azad Məmmədov çıxış edərək iştirakçıları salamlayıb və bu ilin Azərbaycanda "Multikulturalizm ili" olduğu vurğulayaraq ölkəmizin multicultural dəyərlərə böyük önəm verdiyi deyib. BBMM-in müşaviri, professor Aytən Qəhrəman təmsil etdiyi qurumun fəaliyyəti ilə bağlı təqdimat edib. BBMM-in Analitika şöbəsinin müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru Nəriman Qasımzadə BBMM-in nəşr etdiyi 25 dilə tərcümə olunmuş Fridrix fon Ditsin ön sözü ilə "Basatın Təpəgözü öldürdüyü boy"un təqdimatı ilə çıxış edib.

Qış məktəbinin tədris hissəsindən sonra tələbələrin şəhər gəzintisi təşkil edilib. Onlar Filarmoniya bağında, Bulvarda, Bakı Venesiyasında, Xalça Muzeyində, Qız Qalasında, Kukla teatrında olublar.

Qeyd edək ki, Prezident İlham Əliyevin "Multikulturalizmin dünyada alternativi yoxdur. Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaq" sitatını özünə deviz seçən qış məktəbi ötən ilin yayında keçirilən Beynəlxalq Multikulturalizm yay məktəbinin müsbət nəticələrinə və nailiyyətlərinə əsaslanaraq təşkil edilib. Qış məktəbinin təşkilində əsas məqsəd Azərbaycana marağı sevgiyə çevirmək və bu sevgini ömür boyu ürəklərdə yaşatmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə