Azərbaycanla Türkiyə arasında turizm əlaqələri FOTOLAR

Azərbaycanla Türkiyə arasında turizm əlaqələri FOTOLAR

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Murat Karaçantanın ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri və media nümayəndələri ilə görüşü keçirilib. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Hava Yolları, Türk Hava Yolları təmsilçilərinin də qatıldığı görüşdə çıxış edən müşavir 2015-ci ilin yekunları, 2016-cı ildə görüləcək işlər barədə məlumat verib, görüşün iki ölkə arasında turizm əlaqələrinin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Müşavir Azərbaycanla qarşılıqlı olaraq turist mübadiləsi haqqında danışarkən termal, sağlamlıq, qış, qolf, atçılıq, idman, çimərlik, gənclik, ekoloji, alış-veriş və digər turizm sahələrin daim dinamik inkişafının və mütəmadi olaraq tanıdılmasının vacibliyini qeyd edib. Vurğulayıb ki, reklam işi, qiymətlərdə endirim, tur operatorları və səyahət agentliklərinin birgə fəaliyyəti turizm təbliğatının daha da gücləndirilməsinə yönəldilməlidir. Təbii ki, bu mövzuda şirkətlərin, turizmlə məşğul olan assosiasiyaların təklifləri nəzərə alınmalıdır.

Görüş zamanı sosial şəbəkələrdə ölkənin turizm potensialının təbliğ edilməsi və bundan yararlanma, həftəlik səyahət paketlərinin qiymətlərində endirimlərin reallaşdırılması, Azərbaycan Hava Yolları və Türk Hava Yollarının turizm şirkətləri ilə danışıqlara qatılması və 2016-cı il üçün yeni layihələrin reallaşdırılması mövzusunda fikir mübadiləsi aparılıb.

Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov səslənən fikirlərə münasibət bildirərək əlavə edib ki, görüş çox səmərəlidir və hər iki tərəfin turizm sənayesi nümayəndələrinin iştirakı ilə səslənən problemlər, bu problemlərin aradan qaldırılması yolları böyük əhəmiyyət kəsb edir: "Bir sıra turizm şirkətləri qarşılaşdıqları problemlərlə bağlı öz fikirlərini söylədilər. Eyni zamanda biz də hər zaman şirkətlərə dəstək olduğumuzu bildiririk. Düşünürəm ki, bu səpkidə tədbirlərin keçirilməsi turizm sənayesi üçün çox vacibdir".

Sektor müdiri qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyi turizm şirkətlərinin təkliflərinə hər zaman açıqdır. Turizm şirkətlərinin hər hansı təklifləri varsa, həmin assosiasiyaya müraciət edə bilərlər və biz də nazirlik olaraq bu təkliflərə dəstək olarıq.

Qeyd edək ki, görüş turizm əlaqələrinin inkişafı və perspektivləri mövzusunda fikir mübadiləsi ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə