“Sonsuz Dəhliz” mükafata layiq görülüb

“Sonsuz Dəhliz” mükafata layiq görülüb

Litvalı rejissor Aleksandras Brokasın lentə aldığı "Sonsuz Dəhliz" ("Endless Corridor") sənədli filmi "Global Film Awards" müsabiqəsinin "Humanitar mükafatı"na layiq görülüb.

Avropa Azərbaycan Cəmiyyətindən SİA-ya verilən xəbərə görə, ABŞ-ın "Accolade Film Competition" adlı kino nəşrinin təşkil etdiyi müsabiqədə film "Müstəsna nailiyyət" nominasiyası üzrə mükafat alıb. "Sonsuz dəhliz" filminin "Xocalıya ədalət!" təbliğat-təşviqat kampaniyası çərçivəsində ötən ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. İngilis dilində çəkilən film Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə, Azərbaycan, rus, türk, fransız, italyan, alman və ərəb dillərinə tərcümə olunub.

Film Türkiyənin "Kanal 24", "CNN Türk", Albaniyanın Milli Televiziyasında və İsrailin "Channel 1" televiziya kanalında nümayiş etdirilib.

Filmin premyerası 2014-cü il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib. Tədbirdə Leyla xanım Əliyeva da iştirak edib. "Sonsuz dəhliz" sənədli filmi prodüserlər Aleksandras Brokas (Litva) və nüfuzlu "Grammy Award" mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Ekran əsəri britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib.

Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulub. Ekran əsərində Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlərə yer verilib. Filmdə Xocalı qırğınına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş videogörüntülər və fotomateriallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.

"Global Film Awards" tərəfindən təqdim olunan "Humanitar mükafat"ın məqsədi öz filmlərində siyasi, sosial ədalət, ekoloji, sağlamlıq, vəhşi təbiət və mənəvi mövzuların vacibliyinə toxunan kinorejissorların peşəkarlığının qiymətləndirilməsidir. Qaliblər jürilər tərəfindən il ərzində daxil olan yüzlərlə filmin içərisindən seçilir.

"Global Film Awards" dörd unikal film yarışmasını (Accolade Global Film Competition, Best Shorts Competition, IndieFEST Film Awards and IMPACT DOCS Awards) özündə birləşdirir. Bu ilki qaliblər arasında Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Kanada, Litva, Almaniya, İspaniya, Tayvan, Hollandiya, Hindistan, İrlandiya və Avstraliya istehsalı olan filmlər yer alıb.

Qeyd edək ki, sözügedən müsabiqə artıq 11 ildir keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə