AFB örnək layihəyə başlayıb

Azərbaycan Fotoqrafları Birliyi (AFB) "Heyvanlara sevgi və şəfqət" adlı aylıq fotomüsabiqə keçirir. AFB-dən SİA-ya verilən xəbərə görə, müsabiqənin məqsədi gerçək həyatımızın bir parçası olan canlılara münasibəti əks etdirməkdir. Fotoqrafların qarşısında duran vəzifə heyvanlara münasibət, qayğı, heyvanlar aləmi ilə yanaşı, heyvanlara xüsusi qayğı göstərən insanlar haqda olmalıdır. Müsabiqəyə makro, portret, küçə fotoqrafiyası kimi janrlarda olan fotolar təqdim edilə bilər. Təqdim olunmuş seriya fotolarda hansısa bir sosial problemə aid işlər yer ala bilər. Sosial fotolarda cəmiyyətə sosial mesajın olması mütləqdir.

Müsabiqədə iştirak etmək istəyənlər fotoları [email protected] ünvanına göndərməlidir. Müsabiqəyə təqdim olunacaq fotolar JPEG formatda, uzun tərəfi 1500 piksel olmalıdır. Hər kəs müsabiqəyə 5 foto təqdim edə bilər.

Müsabiqəyə üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə (real rəng, kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir) fevral ayında çəkilmiş işlər qəbul olunur. Hər bir müəllif fotonun adında özü haqda məlumatı (ad, soyad, fotonun adı) qeyd etməlidir.

Qeyd edək ki, fotoların qəbulu fevralın 27-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə