Əliheydər Ələkbərovun 100 illik yubileyi qeyd olunub

Əliheydər Ələkbərovun 100 illik yubileyi qeyd olunub

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında rejissor Əliheydər Ələkbərovun 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, yubiley tədbirinin rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, ssenari müəllifi Çingiz Ələsgərlidir.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan gecədə Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət bildirib ki, Ə. Ələkbərovun teatr fəaliyyəti Azərbaycan mədəniyyətinin zənginləşməsinə səbəb olub: "Əliheydər Ələkbərov gözəl insan, gözəl pedaqoq və istedadlı rejissor idi. Mən Əliheydər müəllimin ailəsi ilə çox yaxın idim, biz bir yerdə çalışırdıq və ortaq tələbələrimiz bu gün də fəaliyyət göstərir, səhnədə çıxış edirlər. Onu hər zaman rəhmətlə, sayğı ilə anırıq. Əliheydər müəllimin əziz xatirəsi Akademik Milli Dram Teatrında hər zaman yaşayacaq".

Xalq artistləri Hacı İsmayılov, Ağakişi Kazımov, əməkdar artist Əli Nur və başqaları Ə. Ələkbərovun həyat və yaradıcılığından danışıb, onun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən bəhs ediblər.

Tədbirdə Ə. Ələkbərovun quruluş verdiyi "Almaz", "Göz həkimi" tamaşalarından parçalar nümayiş olunub.

Qeyd edək ki, Ə. Ələkbərov 1915-ci il iyulun 26-da anadan olub. Yaradıcılığı əsasən, Akademik Milli Dram Teatrı ilə bağlıdır. 1960-1967-ci illərdə Musiqili Komediya Teatrında baş rejissor işləyib. O, 1975-ci il martın 3-də vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə