Fevralın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 2016-cı ilin ilk premyera tamaşası –"Françeska da Rimini" baleti nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görkəmli rus bəstəkarı P.İ.Çaykovskinin eyni adlı simfonik poemasının musiqisi əsasında səhnəyə qoyulan tamaşanın quruluşçu baletmeysteri Pellumb Aqalliyay (Albaniya), musiqi rəhbəri və dirijoru xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rəssamı Əməkdar Mədəniyyət İşçisi Yusif Babayevdir.
Süjet xətti Dantenin məşhur "İlahi komediya"sı poemasından təşkil olunan səhnə əsərində əsas partiyaları əməkdar artist Nigar İbrahimova (Françeska) və truppanın gənc solistləri - Timur Oduşev (Paolo) və Makar Ferştandt (Cotto) ifa edəcəklər.
"Françeska da Rimini" baleti ailəli gənc qadın Françeskanın Paoloya – öz ərinin kiçik qardaşına olan məhəbbəti və onların faciəvi taleyindən bəhs edir.
Qeyd edək ki, musiqi əsəri ilk dəfə 1877-ci il fevralın 25-də dirijor N.Q.Rubinşteynin idarə etdiyi simfonik orkestr tərəfindən Moskvada, 1878-ci il martın 11-də isə Peterburqda ifa olunaraq böyük uğur qazanıb.
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB