Musiqili Teatrın “999-cu gecə”si FOTOLAR

Musiqili Teatrın “999-cu gecə”si FOTOLAR

Azərbaycan Dövlət Musiqili Teatrında "Min bir gecə" nağıllarının motivləri əsasında hazırlanan "999-cu gecə" tamaşasının məşqlərinə start verilib. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, tamaşanın süjet xəttinin əsasında çəkməçi Marufla onun ifritə arvadı Fatma arasındakı təzadlı, ziddiyyətli münasibətlər dayanır. Bu nağıl "1001 gecə"də Şəhrizadın danışdığı 999-cu nağıl olduğundan yaradıcı kollektiv tamaşanı "999-cu gecə" adlandırmaq qərarına gəlib. Səhnə əsərinə gənc və istedadlı rejissor İradə Gözəlova quruluş verəcək.

Gözlənilməz olaylarla zəngin olan tamaşada qeyri-adi dekorasiyadan istifadə olunacaq. Belə ki, dekorasiya 2 mərtəbəli olacaq və hər mərtəbə də simvolik məna daşıyacaq. Məsələn, üst mərtəbə cənnət, alt mərtəbə cəhənnəm anlamında olacaq. Beləcə, xeyir və şər, eşq və nifrət, işıq və zülmət, varlı və kacıb və s. təbəqələşəcək. Və bu fonda xeyirlə şərin əbədi qarşıdurması ilə yanaşı, böyük bir eşq uğrunda mübarizəsi nümayiş olunacaq. Tamaşanın musiqi tərtibatında dahi bəstəkar, SSRİ xalq artisti Fikrət Əmirovun dünyaca məşhur "Min bir gecə" baletinin musiqilərindən və ölməz, məşhur mahnılarından istifadə olunacaq.

Qeyd edək ki, tamaşanın quruluşçu-dirijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədova, xormeystri əməkdar artist Vaqif Məstanov, quruluşçu-baletmeystrləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada rolları əməkdar artist Novruz Qartal, aktyorlar Məhərrəm Qurbanov, Səmədzadə Xasıyev, Gültac və Hüseyn Əlililər, Ruslan Mürsəlov, Mehriban Zalıyeva, Nicat Əli, Əliməmməd Novruzov, Elxan İsmayılov, Elçin İmanov, Fərid Rzayev və Elməddin Dadaşov ifa edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə