Turizm Sənayesi nümayəndələri arasında görüş keçirilib FOTOLAR
Türkiyənin İstanbul şəhərində keçirilən "EMİTT 2016" beynəlxalq turizm sərgisi çərçivəsində Azərbaycan və Türkiyənin turizm sənayesi nümayəndələri arasında B2B formatında işgüzar görüş və Azərbaycanın turizm potensialının təqdimatına həsr olunmuş tədbir keçirilib. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, Turizm şöbəsinin müdiri Aydın İsmiyevin iştirakı ilə ölkəmizin 24 turizm şirkəti təmsil olunub.
Türkiyə tərəfindən görüşdə TÜRSAB təşkilatının rəhbəri Başaran Ulusoy və baş katibi Çətin Gürçinin rəhbərliyi ilə 70-ə yaxın turizm şirkətinin nümayəndələri iştirak edib.
Görüşdə açılış nitqi ilə çıxış edən Başaran Ulusoy iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini, turizm sənayesi nümayəndələri arasında təcrübə mübadiləsinin və qlobal iqtisadi böhran şəraitində birgə əməkdaşlığın vacibliyini qeyd edib. Öz növbəsində, Aydın İsmiyev bu görüşün turizm sənayesi üçün əhəmiyyətini və Azərbaycana turist axınının artırılmasında Türkiyə təcrübəsindən istifadənin əhəmiyyətini vurğulayıb.
Daha sonra Azərbaycanın turizm potensialının təqdimatına həsr olunmuş video təqdimat nümayiş etdirilib. Hər iki ölkənin turizm şirkətlərinin böyük maraq göstərdiyi tədbir işgüzar görüşlər formatında davam etdirilib.
Qeyd edək ki, görüş Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Türkiyə Səyahət Agentlikləri Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB