Əbülfəs Qarayev xarici ölkələrin səfirləri ilə görüşüb FOTOLAR

Əbülfəs Qarayev xarici ölkələrin səfirləri ilə görüşüb FOTOLAR

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Koreya Respublikası, İsveçrə, Çexiya və Qazaxıstanın ölkəmizdəki Səfirləri Kim Çanq Gyun, Filip Stalder, Vitezlav Pivonka və Beybit İsabayevi qəbul edib.

SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşlərdə mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib, ölkələr arasında yeni layihələrin həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb və bu əlaqələrin daha dərinləşdirilməsi üçün bir sıra işlərin görülməsi vurğulanıb.

Nazir Əbülfəs Qarayev Səfirlərə 2016-cı ilin 25–27 aprel tarixlərində Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu haqqında məlumat verib və təmsil etdikləri ölkələrin Forumun işində yaxından iştirakının əməkdaşlığımıza böyük töhvələr verəcəyini bildirib.

Ölkələr arasında turizm sahəsində əməkdaşlıqla bağlı birgə layihələrin gerçəkləşməsi üçün təbliğat işlərinin genişləndirilməsi vurğulanan görüşlərdə, turizm sənayesinin bu işə yaxından cəlb olunması məsələsi də müzakirə olunub.

Söhbət zamanı mədəniyyət sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib və bildirilib ki, gələcəkdə də ölkələr arasında musiqi festivallarının, birgə mədəniyyət günlərinin keçirilməsi, muzey, kitabxana, kino sahələrində qarşılıqlı mübadilənin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Səmimi qəbula görə nazir Əbülfəs Qarayevə təşəkkür edilib, həmçinin, Azərbaycan ilə mədəniyyət və turizm sahələrində əməkdaşlığın bundan sonra da inkişafına inam ifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə