Fələstinli səfir Tərcümə Mərkəzində olub

Fələstinli səfir Tərcümə Mərkəzində olub

Fələstinin ölkəmizdəki səfiri Nasir Əbdülkərim Əbdürrəhman Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Mərkəzdən SİA-ya verilən xəbərə görə, görüşdə səfir ərəb və Azərbaycan ədəbiyyatının qədim əlaqələrindən söz açıb. O, mərkəzin beynəlxalq əməkdaşlıq və ədəbiyyatların təbliği, həmçinin, dil və tərcümə sahəsində gördüyü işlərin əhəmiyyətini qeyd edib.Nasir Əbdülkərim Əbdürrəhman Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından tanışlığını qeyd edərək, Azərbaycanın ona doğma olduğunu bildirib.

Fələstin ədəbiyyatının mərkəzin maraq dairəsində olduğunu vurğulayan Tərcümə Mərkəzinin direktoru Afaq Məsud qurumun 90-cı illərdə məşhur fələstinli şair Mahmud Dərvişin əsərlərini Azərbaycan dilinə çevirib "Xəzər" dünya ədəbiyyatı jurnalında nəşr etdirməsindən danışıb.

Direktor qeyd edib ki, mərkəzin "Müasir Azərbaycan antologiyası" adlı beynəlxalq formatlı tərcümə və nəşr layihəsi çərçivəsində ərəb dilinə tərcümə edilən bu kitabı Misir, Mərakeş, Livan və digər bu kimi ərəb ölkələri ilə yanaşı, Fələstində də nəşr etmək, kitaba daxil edilən ayrı-ayrı yazıçı və şairlərin əsərlərini Fələstinin ədəbi dairələrinə tanıtmaq niyyətimiz var.

Sonda səfir Tərcümə Mərkəzinə Fələstinin 7 min illik tarixi olan qədim İyerixon şəhəri haqqında ensiklopedik nəşri və Fələstin ədəbiyyatına dair "Yeddinci divarın süqutu", "Əsma Tubi", "Müqəddəs eyvanlar" kitablarını hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə