Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti, Teatr Xadimləri İttifaqının sədr müavini Hacı İsmayılovun doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, aktyor 22 yanvar 1944-cü ildə Bakıda doğulub. 190 nömrəli orta məktəbdə təhsil alıb. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1968-ci ildən Sumqayıt Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Bu teatrda M.F. Axundovun "Müsyö Jordan və dərviş Məstəlişah" komediyasında dərviş Məstəlişah rolunu ifa edib. Bundan sonra C. Patrikin "Qəribə missis Səvic" dramında Ceffi, A.Papayanın "Bəli, dünya dəyişib" komediyasında Səməndər, C.Cabbarlının "Sevil" pyesinin tamaşasında Məmmədəli bəy rolunda çıxış edib. 1970-ci il fevral ayının 16-dan Akademik Milli Dram Teatrında çalışır. Elə ilk gündən H.Cavidin "Xəyyam" faciəsindəki İkinci Qulam rolunu alıb.

Hacı İsmayılov "Azərbaycanfilm" kinostudiyasında ilk dəfə "Ad günü" filmində Mustafa rolunda çəkilib. Bu rolla böyük uğur qazanıb və Respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb. "Yol əhvalatı", "Babamızın babasının babası", "Bağlı qapı", "Bəyin oğurlanması", "Əlvida, cənub şəhəri", "Fəryad", "Güllələnmə təxirə salınır!", "Həm ziyarət, həm ticarət", "İşarəni dənizdən gözləyin", "İşgüzar səfər", "Qəzəlxan" və s. filmlərdə rol alıb.

Qeyd edək ki, aktyor 17 may 1989-cu ildə Azərbaycan SSR-nin əməkdar artisti, 18 dekabr 2000-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi Sənətkar ordeninə layiq görülüb.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB