"Multikultural dəyərlərin bərpa edilməli olduğu əsas məkan Nardarandır" AÇIQLAMA

"Multikultural dəyərlərin bərpa edilməli olduğu əsas məkan Nardarandır" AÇIQLAMA

"Azərbaycanda multikultural dəyərlərinin təbliği başlanğıcı və sonu olmayan davamlı prosesdir". SİA xəbər verir ki, bu fikirləri millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla "Multikulturalizm ili" ilə bağlı mətbuat konfransında deyib.

Dövlət müşaviri bildirib ki, 2016-cı ildə və növbəti illərdə bu istiqamətdə bir çox tədbirlər, layihələr həyata keçiriləcək: "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu il görüləcək işləri əhatə edən təkliflər paketi hazırlayır. Azərbaycan bölgələrində Yaradıcılıq Fondu vasitəsilə layihələr keçiriləcək. Məqsədimiz gənclərin özlərini cəmiyyətdən kənar hiss etmələrinin qarşısını almaqdır. Xaricdə birdəfəlik dəyirmi masalar təşkil etməklə multikultural dəyərlər mövzusunda fikir mübadiləsi aparırıq. İlk belə təşəbbüs BBC ilə birgə Londonda təşkil edilib. Bu istiqamətdə fəal təbliği ilə seçilən jurnalistlər üçün xüsusi mükafatlar nəzərdə tutulur. Avropanın İngiltərə, Almaniya kimi qabaqcıl ölkələri multikulturalizm ideyasının iflasa uğradığını deyirlər. Amma dövlət başçımız Cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaqdır. Multikulturalizmin Azərbaycan modeli dünyaya örnəkdir. Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları kitabı nəşr edilib və burada Dədə Qorquddan XX əsrə qədər olan bir dövrdə bu dəyərləri təbliğ edən zəka sahiblərinin ideyaları yer alıb. Ölkəmizin 20-yə qədər universitetində multikulturalizmin təbliği ilə məşğul oluruq.

Multikultural dəyərlərin bərpa edilməli olduğu əsas məkan Nardarandır. Orada mənəvi oyanışla bağlı işlər görüləcək. Bilik Fondunun filialının, klassik ədəbiyyatımızı öyrənən mərkəzini açılması nəzərdə tutulur. Düşünürəm ki, Nardaran əhalisi buna hazırdır".

Bütün xəbərlər Facebook səhifəmizdə