“Səs... söz... rəng” adlı layihə başa çatıb

“Səs... söz... rəng” adlı layihə başa çatıb

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi "Ədəbiyyat , musiqi, təsviri sənət və gənclik" adlı 4 aylıq layihə başa çatıb. SİA-nın verdiyi xəbərə görə, layihə çərçivəsində silsilə tədbirlər düzənlənmiş, layihənin adından da göründüyü kimi, fəqli sənət sahələrini təmsil edən yaradıcı gənclər bir araya gələrək, işbirliyi məsələlərini müzakirə edərək, habelə problemlər, uğurlar barədə fikir mübadiləsi aparılıb. Düzənlənən tədbirlərdə görkəmli alimlər, nüfuzlu aydınlar, tanınmış QHT başçıları, KİV nümayəndələri də öz düşüncələrini bölüşüblər. Professorlar Fuad Məmmədov, Rahid Ulusel, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, yazıçı-dramaturq, əməkdar mədəniyyət işçisi Yunus Oğuz, əməkdar mədəniyyət işçisi, tanınmış solo-saz ifaçısı Nemət Qasımlı, Sumqayıtdakı Əli Kərim adına Poeziya Klubunun direktoru, tanınmış şair İbrahim İlyaslı, filoloq dosent-doktorlar Şəmil Sadiq, Təranə Turan Rəhimli, sözügedən layihənin məsləhətçisi Əkbər Qoşalının məruzə etdiyi silsilə tədbirlərdə, habelə Uluslararası Aktivist Sənətçilər Birliyinin Azərbaycan təmsilçisi, tanınmış rəssam Nəvai METİN, Türkiyəli araşdımaçı-yazar Cəfər Dal, araşdırmaçı-yazar Könül Aydın Nehmət, nüfuzlu QHT başçıları Vüqar Qəadirov, Emin Həsənli, Gənclər Fondu Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev, Fondun məsul əməkdaşı Vüsalə Niftəliyeva və başqaları sənətin estetik dəyərləri, sənət harmoniyası və yaradıcı gəncliyin qarşısında duran vəzifələr mövzusunda çıxış ediblər.

Rəsm əsərlərinin sərgiləndiyi, gənc bəstəçilərin əsərlərinin səsləndirildiyi, şeirlər oxunan, ifalar dinlənən tədbirlər, belə bir fikrə haqq qazandırıb ki, yaradıcı gəncliyin işbirliyi sənətdə peşəkarlıq əmsalının artmasına, şou-biznes aləmində son illər tez-tez müşahidə olunan "özü yazır, özü bəstələyir, özü oxuyur, özü təbliğ edir" şəklində "birxətliliy"in, monotonluğun aradan qaldırılmasına xidmət edir. Bu fikirlər layihə iştirakçılarının Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə ilə görüşündə də səsləndirib. Gənc və yeni nəsil şairlərin şeirlərinə musiqi bəstələnməsi üçün Bəstəkarlar İttifaqına təqdim edilmək üçün toplanması, artıq görüşün, ümumən layihənin praktik sonuclarından sayıla bilər.

Layihənin gedişində fərqlənən gənclər, layihəyə mənəvi dəstək verənlər özəl "Fəxri fərman"la təltif olunublar.

Layihə çərçivəsində işıq üzü görən "Səs... söz... rəng" adlı qarışıq janrlı toplu isə, öz forma-məzmununa görə diqqətəlayiq, nadir rastlanan bir kitab kimi xarakterizə oluna bilər. Topluda yer alan 74 gənc müəllifdən 37-si şair, 5-i bəstəçi, 30-u rəssam, 1-i rəssam-fotoqraf, 1-i heykəltaraşdır.

228 səhifəlik, nəfis tərtibatlı kitab "Elm-Təhsil" NPB-də işıq üzü görüb.

Bütün xəbərlər Facebook səhifəmizdə