Azərbaycan kinematoqrafının döyünən ürəyi

Azərbaycan kinematoqrafının döyünən ürəyi

Dövlət Film Fondunda Azərbaycanın xalq artisti, rejissor, yazıçı və ssenarist Həsən Seyidbəylinin anadan olmasının 95 illiyi münasibətilə xatirə gecəsi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi Cəmil Quliyev, kino tənqidçisi və rejissor Ayaz Salayev, Azərbaycanın Xalq Artisti Şəfiqə Məmmədova, aktrisa Xalidə Quliyeva çıxış edərək rejissorun istedadından, novatorluğundan, Azərbaycan kinematoqrafına yeni nəfəs gətirməsindən, milli kinonu yeni məna və məzmunla zənginləşdirməsindən söhbət açıb, onun haqqında xatirələrini bölüşüblər.

Gecədə rejissorun çəkdiyi bədii filmlərdən fraqmentlər, habelə Dövlət Film Fondunun arxiv materialları əsasında hazırlanmış videoçarx nümayiş etdirilib.

Gecədə rejissorun çəkdiyi bədii filmlərdən fraqmentlər, habelə Dövlət Film Fondunun arxiv materialları əsasında hazırlanmış videoçarx nümayiş etdirilib.

Qeyd edilib ki, rejissorun çəkdiyi "Telefonçu qız", "Sən niyə susursan?", "Bizim Cəbiş müəllim", "O qızı tapın", "Nəsimi" və digər filmlər Azərbaycan kinosunun klassikasıdır. Bu filmlər romantika və humanizmlə doludur. Tamaşaçı qarşısında sadə insanların mənəvi dünyasını incəliklə və səmimiyyətlə açan bu ekran əsərləri Azərbaycan neorealizminin ən yaxşı nümunələridir. Təəssüf ki, çoxlu yaradıcı planları olan rejissor 59 yaşında qəflətən ürəktutmadan vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə