Rəşid Behbudovun xatirəsi anıldı FOTOLAR

Rəşid Behbudovun xatirəsi anıldı FOTOLAR

24 dekabr 2015 –ci il tarixində Şirvan şəhərində Azərbaycanın çox əsrlik mədəniyyəti tarixinin yetirdiyi böyük simalardan olan Rəşid Behbudovun xatirə gecəsi keçirilib. Gənclər üçün Təhsil Mərkəzindən SİA-ya verilən xəbərə görə, Rəşid Behbudovun xatirə gecəsinə həsr olunan tədbirin keçirilməsinin əsas məqsədi, gənclər arasında Rəşid Behbudov yaradıcılığının təbliği, istedadlı gəncləri üzə çıxarmaq, onların milli-mənəvi dəyərlərimiz, milli-mədəni sərvətimiz və musiqi tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir. Şirvan şəhər uşaq musiqi məktəbində baş tutan mərasimində açılış nitqi ilə çıxış edən mektəbin direktor müavini Əbülfət İsmayılov bildirdi ki, Azərbaycan ifaçılıq həyatının bütöv bir dövrünü onsuz təsəvvür etmək olmur..

Daha sonra çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin Aran regional ofisinin rəhbəri Yusif Poladov 18 mart 2015-ci il tarixində cənab Prezident İlham Əliyevin "Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsi haqqında" imzaladığı sərəncamı gənclərin diqqətinə çatdıraraq bildirdi ki, zəngin çalarlı, müstəsna səsə malik Rəşid Behbudov Azərbaycan vokal məktəbinin təkrarsız nümayəndələrindəndir. Rəşid Behbudov öz qüdrətli istedadını, çox böyük təcrübəsini və biliyini Azərbaycan musiqi sənətinin inkişafına və çiçəklənməsinə, onun sosial fəallığının və beynəlmiləl əhəmiyyətinin artmasına sərf edən bir sənətkar idi. Çıxış edən Şirvan şəhər Uşaq musiqi məktəbinin direktoru Mübariz Dadaşov xatirə gecəsinə həsr olunan tədbirin keçirilməsinin əhəmiyyətini qeyd edərək, Rəşid Behbudovun mədəniyyətinin inkişafı və təbliği işinə dəyərli töhfələr verdiyini bildirdi "Böyük mügənni Azərbaycanın tam səlahiyyətli mədəniyyət elçisi olmuşdur. Beynəlmiləlçi ustad dünyanın bir çox ölkələrini gəzmiş, qastrol səfərlərinə çıxmış, dinləyicilərinə həmişə Azərbaycan mahnılarının təkrarsız təravətini çatdırmışdır".O həmçinin Rəşid Behbudovla olan xatirələrini gənclərlə bölüşdü.

Daha sonra xatirə gecəsində gənclər tərəfindən Rəşid Behbudovun repertuarından sevilən mahnılar səsləndirildi.

Bütün xəbərlər Facebook səhifəmizdə