Azərbaycanın zəngin maddi-mədəni irsinin qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə çatdırılması sahəsində xalqımızın Ümummilli lideri Heydər Əliyev misilsiz xidmət göstərib. Onun hakimiyyəti dövründə Azərbaycan iqtisadiyyatı, elmi, maarifi, mədəniyyəti, incəsənəti, sosial infrastrukturu intibah dövrünü yaşamışdır. Bu gün müasir tələblərə cavab verən mədəniyyət və informasiya mərkəzinin - Prezident Kitabxanasının yaradılması da məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Kitabxana onun təşəbbüsü əsasında 2003-cü ildən fəaliyyət göstərir. Qurumdan SİA-ya verilən xəbərə görə, kitabxana əməkdaşları Ümummilli liderin xatirəsini hər il müxtəlif səpkili tədbirlərlə yad edirlər. Prezident Kitabxanasında müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin irsinin araşdırılması və təbliği sahəsində məqsədyönlü işlər görülür. Məhz ilk olaraq Prezident Kitabxanasında Ümummilli liderin zəngin irsinin toplanılması, sistemləşdirilməsi və elektron mühitə köçürülməsi istiqamətində təşəbbüs göstərilib və irihəcmli "Heydər Əliyev. Elektron sənədlər toplusu" ərsəyə gətirilmişdir. Vaxtaşırı olaraq yenilənən bu elektron resurs Ümummilli liderin irsini araşdıran müxtəlif kateqoriyalı istifadəçilər üçün ən mükəmməl baza hesab edilir.
Noyabrın 11-də Prezident Kitabxanasında Ümummilli liderin anım mərasimində Kitabxananın direktoru Mayıl Əhmədov həmin elektron resursun son bir il ərzində yenilənən bölmələri haqqında ətraflı məlumat vermiş, gələcəkdə də onun yeni-yeni sənədlərlə daha da zənginləşdiriləcəyini bildirmişdir. Çıxışlarda qeyd edilmişdir ki, kitabxanada hazırlanan çoxsaylı elektron resursların istifadəçi statistikası göstərir ki, "Heydər Əliyev. Elektron sənədlər toplusu"na istər ölkə daxilindən, istərsə də xarici ölkələrdən daha çox müraciət edilir.
Tədbirin sonunda kitabxananın əməkdaşlarının hazırladıqları Ümummilli liderin həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən videoçarx nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB