"Sədrə və İntizam Komissiyasına müraciət edəcəyik"

"Sədrə və İntizam Komissiyasına müraciət edəcəyik"

Bu gün V çağırış Milli Məclisin Mədəniyyət komitəsinin ilk iclası keçirilib. SİA-nın məlumatına görə, komitənin yeni sədri Rafael Hüseynov iclas iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıb. O, komitənin qarşıdakı işləri haqqında məlumat verib. Millət vəkili komitənin ölkənin mədəni həyatının ayrı-ayrı sahələri ilə bağlı ciddi işlər görməli olduğunu qeyd edib. O, ciddi koordinasiyaya ehtiyac olduğunu, belə olduğu təqdirdə mədəni həyatımızda müəyyən dəyişikliklər olacağını bildirib.

R. Hüseynov gündəlikdə olan məsələlərin müzakirəsindən öncə komitələrin üzvlərinin sayında azalma olduğunu qeyd edib: "Milli Məclisdə komitələrin sayı artdığından üzvlərin sayında azalma olub. Bizim komitədə 6 üzv var. Bu da səbəbsiz deyil. Çünki bizdən başqa, 14 komitə daha var. Ona görə də Milli Məclisin rəhbərliyinə təklif etdim ki, daxili nizamnamədə dəyişiklik edilsin. Yəni bir deputat eyni anda bir neçə komitənin üzvü ola bilsin. Bu beynəlxalq təşkilatların və xarici ölkələrin təcrübəsində də var. İnanıram ki, bu təklif qəbul edilərsə işimiz daha səmərəli olacaq".

Komitə sədri nizam-intizam qaydalarını pozanlar haqqdında ciddi tədbirlər görüləcəyini deyib: "Komitə iclaslarında bütün üzvlərin iştirakı zəruridir. Onlar iştirak etmədikdə iclasın gedişatı pozulacaq. Bu da tək bizim komitənin üzvlərinə deyil, bütün deputatlara aiddir. Komitənin işinin pozulması isə Milli Məclisin fəaliyyətinin pozulması deməkdir. Ona görə də bu gün komitənin iclasında iştirak etməyən üzvlərə xəbərdarlıq edin ki, gələn dəfə eyni hal təkrarlansa, parlamentin sədrinə və İntizam Komissiyasına rəsmi şəkildə müraciət edəcəyik.

Bu gün Ülviyyə Həmzəyeva və Zeynəb Xanlarova iclasa qatılmayıb. Komitə katibliyi Ü. Həmzəyevaya zəng edərək iclasa gəlməyinin vacibliyini bildirib. O isə işi olduğuna görə iclasa qatıla bilməyəcəyini qeyd edib. İnsanın həyatında Milli Məclisə seçilməkdən şərəfli bir iş yoxdur. Bundan vacib sizin üçün nə iş ola bilər?! Ona görə də xahiş edirəm ki, gələn dəfə gəlməyənlər haqqında ciddi tədbirlər görülsün.

Zeynəb Xanlarovanı da hər kəsdən əvvəl tanıyıram. O mədəniyyətimiz üçün mühüm işlər görüb və çox gərəkli insandır. Zəynəb xanım da iclasda iştirak etsin və öz məsləhətləri ilə komitənin işinin inkişafına töhfəsini versin".

Bütün xəbərlər Facebook səhifəmizdə