11-12 dekabr tarixlərində "Xocalıya ədalət!" təbliğat-təşviqat kampaniyası çərçivəsində beynəlxalq "Eurochannel" /http://www.eurochannel.com/ televiziya kanalında Xocalı qətliamının qurbanlarına - müasir Avropa tarixinin ən qanlı hadisələrindən birinin şahidlərinə ithaf olunan və bir çox beynəlxalq mükafatlara layiq görülmüş "Endless Corridor" ("Sonsuz dəhliz") sənədli filmininin nümayişi keçiriləcək. Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) SİA-ya verilən xəbərə görə, filmin nümayişi haqqında məlumat "Eurochannel" ın veb saytında /http://www.eurochannel.com/en/Endless-Corridor-Lithuania.htmlşthash.ljQaMbYF.dpuf/ yerləşdirilib.
Sayt məlumat verir ki, rejissorları Aleksandras Brokas və Mindaugas Urbonavicius olan, müasir Britaniya kinematoqrafiyasının əfsanəsi Ceremi Ayronz tərəfindən səsləndirilən "Sonsuz dəhliz" filmi litvalı jurnalist Riçard Lapaytisin onun müharibə müxbiri qismində Dağlıq Qarabağ münaqişəsini və Xocalı qırğınını işıqlandırmasından 20 il sonra Azərbaycana yenidən səfərindən bəhs edir. Riçard Lapaytis deyir ki, Xocalı qırğını haqda xatirələr onu hələ də izləyir.
"Xocalı faciəsi insanların digərlərinin taleyi ilə bağlı necə rüsvayçı və qeyri-insanı qərar verməsinin sübutudur" - deyə rejissor Aleksandras Brokas film haqda danışarkən bildirib.
Xocalıda ölümün pəncəsindən xilas olanlar erməni bombardmanından qaçışlarını və öz əzizlərini təhlükəsiz hesab etdikləri "Sonsuz dəhliz"də necə itirdiklərini ürək dağlayan hekayələrlə xatırlayırlar.
Xatırladaq ki, filmin premyerası ötən il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilmişdir. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da iştirak etmişdir.
"Sonsuz dəhliz" filmi beynəlxalq kino tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. Bu film bir çox mükafatlar alıb, o cümlədən "Kiçik Oskar" adlandırılan "Accolade Qlobal Film Competition" nəşrinin ən yüksək mükafatına layiq görülüb.
"Sonsuz dəhliz" filminin "Xocalıya ədalət!" təbliğat-təşviqat kampaniyası çərçivəsində bu ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. İngilis dilində
çəkilən film Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan, türk, fransız, italyan və alman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilində isə dublyaj olunub.
Filmin nümayişi "Xocalıya ədalət!" təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin "Kanal 24", "CNN Türk", Albaniyanın Milli Televiziyası və İsrailin "Channel 1" televiziya kanallarında da baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB