Azərbaycan Dövlət Musiqili Teatrında məşqləri davam edən Xalq Yazıçısı Elçinin "Baladadaşın toy hamamı" komediyasında baş rolu tələbə-aktyor canlandıracaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Baladadaş obrazının ifaçısı Əmrah Dadaşov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsinin 4-cü kurs tələbəsidir. Universitetdə və Tədris Teatrındakı tamaşalarda istedadı və fəallığı ilə fərqlənən Ə.Dadaşovu bu rola teatrın direktoru Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev dəvət edib.
"Əmrah Dadaşovu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində mənim rejissor kursumun hazırladığı "Leyli və Məcnun" tamaşasında gördüm. Əmrah orada Məcnun obrazında oynayırdı. İlk baxışdan öz oyunu, istedadı ilə diqqətimi çəkdi və nəticədə Musiqili Teatra dəvət etdim. Təsadüf elə gətirdi ki, "Baladadaşın toy hamamı" tamaşasına hazırlaşan Xalq Artisti Cənnət Səlimova da onu bəyəndi və Baladadaş obrazını ona həvalə etdi. Ümid edirəm ki, o, bu məsuliyyətli işin öhdəsindən layiqincə gələ biləcək", - deyə Əliqismət Lalayev bildirib.
Əmrah Dadaşov ilk dəfə böyük səhnədə baş obrazı canlandırmaq fürsətini özü üçün böyük bir şans kimi dəyərləndirib. "Xalq yazıçısı Elçin kimi böyük bir dramaturqun əsərində baş rolda oynamaq, xalq artisti Cənnət Səlimova kimi bənzərsiz bir rejissorla işləmək sözün həqiqi mənasında əsl xoşbəxtlik və özümü təsdiq etmək üçün az-az ələ düşən bir şansdır. Bu mənim böyük səhnədə debütüm olacaq. Mənə bu şəraiti yaratmış hər kəsə təşəkkürümü bildirirəm. Söz verirəm ki, bütün istedadımla çalışıb teatr rəhbərliyinin etimadını doğruldacağam", - deyə Əmrah Dadaşov söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB